
Bakı. Trend:
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Tbilisidə səfərdə olan nümayəndə heyəti Gürcüstanın Dini Məsələlər
üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.
Bu barədə Trend-ə Dini Məsələlər üzrə Dövlət Agentliyindən
məlumat verilib.
Bildirilib ki, görüşdə din sahəsində iki ölkə arasında
münasibətlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə hər iki ölkədə fəaliyyət göstərən dini icmalar, kilsə və
məscidlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Sahib Nağıyev ölkəmizdə dini icmaların
vəziyyəti barədə danışıb, dövlətin bu sahəyə qayğısından
danışıb.
Bu cür səfərlərin Gürcüstanla Azərbaycan arasında dini sahədə
əməkdaşlığın daha da möhkəmləndirilməsi və iki ölkə arasındakı
münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.

