
Bakı. Trend:
Dekabrın 1-dən Şimali Makedoniyada özəl və sənaye
istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə
başlanılıb.
Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), M-Gaz və CNG Systems
şirkətləri arasında səmərəli əməkdaşlıq sayəsində tədarükləri
təşkil etmək mümkün oldu”, – mənbə deyib.
Müsahibin sözlərinə görə, söhbət 2024-cü ildən Bolqarıstanda
həyata keçirilən virtual qazlaşdırma layihəsinin pilot şəkildə
genişləndirilməsindən gedir.
SOCAR, M-Gaz və CNG Systems-in tərəfdaşlığı ilə həyata keçirilən
layihə boru kəmərinə və ya paylayıcı şəbəkəyə qoşulmamış sənaye və
özəl istehlakçılara sıxılmış təbii qazın (CNG) tədarükü ilə
başlayıb. SOCAR, M-Gaz vasitəsilə CNG Systems şirkəti üçün tələb
olunan təbii qaz həcmlərini təmin edir və CNG Systems daha sonra
Strumitsa şəhərində sənaye və özəl istehlakçıları bu qazla təmin
edir. Şəhərdə sıxılmış təbii qazla qidalanan qazpaylayıcı şəbəkə
qurulub.
Bu tərəfdaşlıq sayəsində Azərbaycan təbii qazı 6 uşaq
bağçasının, 8 məktəbin, 1 xəstəxananın, Strumitsa bələdiyyəsinin
bir sıra inzibati binalarının, həmçinin 400-dən çox ev
təsərrüfatının və bir neçə sənaye istehlakçısının istilik
və isti su təchizatını təmin edir.
Qeyd edək ki, ümumilikdə Azərbaycan qazı alan ölkələrin sayı
on dördə çatıb. Azərbaycan təbii qazı Avropaya
Cənub Qaz Dəhlizinin bir hissəsi olan
Transadriatik qaz kəməri vasitəsilə tədarük
olunur. Hazırda kəmərin ötürmə qabiliyyəti ildə 10 milyard
kubmetrdir və bu göstərici 20 milyard
kubmetrə qədər artırıla bilər. 2021-ci il bazar testi
nəticələrinə əsasən, qaz kəmərinin uzunmüddətli gücü
2026-cı ildən etibarən ildə 1,2 milyard kubmetr
artırılacaq. Bu həcmindən 1,04 milyard kubmetr
İtaliya üçün, 0,16 milyard kubmetr isə Albaniya
üçün bron olunub.

