Heydər Əliyev epoxası Azərbaycanın müstəqillik tarixinin yenilməzlik səhifəsidir – Sevil Mikayılova

Baş səhifə

Bakı.Trend:

Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilik
ideologiyasının, milli özünüdərk prosesinin və modern dövlət
quruculuğunun bünövrəsini təşkil edən inkişaf dövrüdür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, bu epoxanın əsas mahiyyəti ondan
ibarətdir ki, burada təkcə bir liderin fəaliyyəti deyil,
Azərbaycanın müstəqillik yolunda həyata keçirdiyi strateji
dəyişikliklərin tam sistemli modeli öz əksini tapır.

“Heydər Əliyevin rəhbərliyi ilə formalaşmış siyasi kurs ölkənin
həm daxili, həm də xarici siyasətinin bütün istiqamətlərində
transformasiya yaratmış, milli dövlətçiliyin ən vacib sütunları —
sabitlik, təhlükəsizlik, iqtisadi modernizasiya, milli-mənəvi
dirçəliş və beynəlxalq etibar ustalıqla təmin olunmuşdur. Bu
baxımdan Heydər Əliyev dövrü sözün əsl mənasında Azərbaycanın milli
intibah mərhələsi kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu təkcə
müəyyən bir siyasi dövrdə rəhbər vəzifə daşıması ilə məhdudlaşmır.
O, müasir Azərbaycan dövlətçiliyinin memarı, milli inkişafın
strateji ideoloqu, siyasi sabitliyin təminatçısı və xalqın
taleyində dönüş yaradan tarixi şəxsiyyət kimi dəyərləndirilir.
Heydər Əliyev epoxası ölkənin keçid mərhələsində yaşadığı çoxşaxəli
böhranların aradan qaldırılması, dövlət institutlarının qurulması
və milli şüurun formalaşdırılması baxımından əvəzsiz rol
oynayıb”.

Deputat qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan
müstəqilliyini yenicə bərpa etmiş, lakin siyasi parçalanma,
vətəndaş qarşıdurması, iqtisadi çöküş və separatçı təcavüzlə üz-üzə
qalmışdı.




“Bu dövrdə mərkəzi hakimiyyət zəif, dövlət idarəçiliyi iflic
vəziyyətində idi. Ulu Öndərin siyasi səhnəyə qayıdışı ölkədə
dövlətçilik ənənələrinin yenidən bərpasına imkan yaratdı.Heydər
Əliyev qanunçuluğun təmin edilməsini, güclü və səmərəli idarəetmə
modelinin qurulmasını, dövlət strukturlarının modernləşdirilməsini
təmin etdi. Ulu Öndərin əsas tarixi xidmətlərindən biri Azərbaycanı
vətəndaş savaşı təhlükəsindən xilas etməsi və cəmiyyətdə siyasi
sabitliyi bərqərar etməsidir. O, müxtəlif siyasi qüvvələr arasında
balans yaradaraq konstitusion quruluşun möhkəmlənməsinə nail oldu.
Sabitlik Heydər Əliyevin siyasətində sırf təhlükəsizlik məsələsi
deyil, həm də iqtisadi və sosial inkişafın əsas şərti kimi qəbul
edilirdi. Məhz bu sabitlik sonrakı illərdə bütün sahələrdə
genişmiqyaslı inkişafın əsasını qoydu. Heydər Əliyev Azərbaycan
iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası və
modernləşməsini təmin etdi. Bu proses çərçivəsində “Əsrin
müqaviləsi” imzalandı, xarici sərmayələr ölkəyə cəlb edildi, yeni
infrastruktur layihələrinə start verildi, bazar iqtisadiyyatının
hüquqi çərçivələri yaradıldı. Nəticədə Azərbaycan enerji
resurslarından səmərəli istifadə edərək regionun iqtisadi
liderlərindən birinə çevrildi”.

S.Mikayılova əlavə edib ki, Ulu Öndər mədəniyyətə, dilə, tarixə,
milli ənənələrə xüsusi önəm verərək Azərbaycançılıq ideologiyasını
dövlət siyasətinin mərkəzinə çıxardı.

“Bu ideologiya vətəndaş birliyini, multikultural harmoniyanı,
milli kimliyin qorunmasını, dünyəvi dəyərlərlə milli-mənəvi
dəyərlərin vəhdətini özündə birləşdirirdi. Azərbaycançılıq
konsepsiyası bu gün də dövlət siyasətinin ideoloji bazasını təşkil
edir və cəmiyyətin həmrəyliyini möhkəmləndirir. Bu gün Azərbaycanın
dünyada artan nüfuzunun təməli məhz Heydər Əliyevin
müəyyənləşdirdiyi xarici siyasət xətti ilə bağlıdır. Ulu Öndər
müasir və intizamlı ordu quruculuğunu milli dövlətçiliyin əsas
şərti hesab edirdi. Onun rəhbərliyi altında peşəkar ordunun
formalaşdırılmasına başlandı, hərbi strategiya və təhlükəsizlik
konsepsiyaları hazırlandı, müdafiə potensialı sistemli şəkildə
gücləndirildi. Bu əsaslar sonradan Azərbaycanın ərazi bütövlüyünün
bərpasında həlledici rol oynadı. Azərbaycanın ərazi bütövlüyünün
bərpası və işğal altında olan torpaqların azad olunması milli
dövlətçilik tariximizin ən strateji hədəflərindən biri olmuşdur. Bu
hədəfin həyata keçməsində Ulu Öndər Heydər Əliyevin tarixi
xidmətləri xüsusi əhəmiyyət kəsb edir. O, həm 1990-cı illərin ağır
və çətin dövründə müharibəni məğlubiyyət mərhələsindən xilas etmiş,
həm də gələcək qələbəyə aparan siyasi, diplomatik, hərbi və
ideoloji əsasları yaratmışdır. Bu baxımdan Heydər Əliyevin
fəaliyyəti işğalın dayandırılması və sonrakı azadlıq prosesinin
təməl mərhələsi kimi qiymətləndirilməlidir”.

Deputat qeyd edib ki, Ulu Öndər torpaqların azad edilməsinin
yalnız siyasi danışıqlar və diplomatiya ilə deyil, güclü ordu ilə
mümkün olacağını dəqiq bilirdi.

“Sonralar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Qarabağda qazanılan Qələbə məhz Heydər Əliyevin
zamanında uzaqgörənliklə inkişaf etdirdiyi ordu quruculuğunun
təntənəsi idi. Bütün bu addımlar Azərbaycanın 2020-ci ildə əldə
etdiyi tarixi Zəfərin əsasını təşkil etdi. Buna görə də Qarabağın
azadlığı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, Prezident
İlham Əliyevin qətiyyətinin və Azərbaycan xalqının birliyinin
tarixi nəticəsi kimi dəyərləndirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir