
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında xarici maliyyə mənbələrindən
əsas kapitala 3,671 milyard manat məbləğində investisiya
edilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən
26,9 faiz artıb.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların
2,828 milyard manatı neft-qaz sektoru, 843 milyon manatı isə
qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk 11
ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən
Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş
investisiyaların həcmi 14,6 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2
dəfə yaxın artıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 16,659 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 3 faiz çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi
isə 8,3 faiz artıb. Ümumi sərmayənin 8,421 milyard manatı və ya
50,6 faizi məhsul istehsalı sahələrinin, 5,614 milyard manatı (33,7
faizi) xidmət sahələrinin, 2,623 milyard manatı (15,7 faizi) isə
yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 51,1
faizi dövlət, 48,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları
tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 76,2 faizi
tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın
dəyəri ümumi sərmayənin 78 faizini təşkil edib.

