
Bakı. Trend:
Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan “Türk Sahibkar
Qadınlarının Gücü Müsabiqəsi”ndə “Azerbaijan Coca-Cola Bottlers”
şirkətinin baş direktoru Rəna Məmmədova nüfuzlu mükafata layiq
görülüb.
Müsabiqəni Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), TOBB
Qadın Sahibkarlar Şurası və Türkiyənin İqtisadi Siyasət
Araşdırmaları Fondu (TEPAV) təşkil edir və türkdilli ölkələrdə
qadın sahibkarlığı, həmçinin liderliyinin inkişafına töhfə verən
şirkətlərin və sahibkar qadınların təltif edilməsini hədəfləyir. Bu
müsabiqə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası
(AQSİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Kiçik və
Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı ilə
elan edilib.
Tədbirdə öncə Azərbaycan, Özbəkistan, Qazaxıstan və
Qırğızıstanın qadın sahibkarlıq təşkilatlarının rəhbərləri uğurlu
fəaliyyətlərinə görə Türkdilli Dövlətlər Təşkilatı və Türkiyə
Palatalarc və Birjalar Birliyi (TOBB) tərəfindən mükafatlandırılıb.
Bu mükafatı Azərbaycanda qadın sahibkarlığını təmsil edən AQSİA-nın
İdarə Heyətinin sədri Səkina Babayeva qəbul edib.
“Azerbaijan Coca-Cola Bottlers” şirkəti isə qadınların inkişafı
və məşğulluğunun artırılması sahəsində həyata keçirdiyi uğurlu
fəaliyyətə görə müsabiqənin “Qadın məşğulluğunda ən çox artım
göstərən şirkət” nominasiyasının qalibi seçilib.
Rəsmi mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş
direktoru Rəna Məmmədovaya qadın məşğulluğunun
artırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görə
xüsusi mükafat təqdim edilib. Rəna Məmmədovaya mükafatı TOBB sədri
Rıfat Hisarcıklıoğlu və Azərbaycan Sahibkarlar Konfederasiyasının
sədri Məmməd Musayev təqdim edib.
Rəna Məmmədova şirkətin bu mükafata layiq görülməsindən öz
məmnunluğunu bildirib və qadınların inkişafının şirkətin
prioritetlərindən olduğunu vurğulayıb:
“Coca-Cola sistemində qadınların inkişafını dəstəkləmək bizim
üçün yalnız sosial məsuliyyət deyil, həm də biznesin davamlı
inkişafı üçün əsas şərtdir. Azərbaycanda qadın əməkdaşlarımızın
istehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniş
təmsil olunmasına nail olmaqdan qürur duyuruq. Bu mükafat isə
gördüyümüz işin Türk Dünyası səviyyəsində tanınmasıdır” .
Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” Türkiyənin
beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib
hissəsi olaraq fəaliyyət göstərir. Anadolu Group-un bir hissəsi
olan ‘Coca-Cola İçecek’ (CCİ) 2023-cü ildən bəri ardıcıl olaraq 3
ildir ki, qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin
edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq
‘Bərabər Əməkhaqqı Sertifikatı’na layiq görülür.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik
yubileyini qeyd edir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü
ildə “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və
o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy”
və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının
istehsalı və satışı ilə məşğuldur.

