
Bakı. Trend:
İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində
korrupsiya ittihamı üzrə məhkəmə prosesinin başlanması 9 mart
2026-cı il tarixinə planlaşdırılır və proses 12 il 6 aya qədər
uzana bilər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, iş üzrə ümumilikdə 105 nəfər təqsirləndirilən
şəxs qismində cəlb olunub, 400-dən çox şəxs isə şahid kimi
dindirilib.
Qeyd edilir ki, məhkəmə prosesinin 4,6 min gün çəkə biləcəyi
nəzərə alınıb. Məhkəmə iclasları İstanbulun Silivri rayonunda
yerləşən və hazırda İmamoğlunun saxlanıldığı həbsxananın ərazisində
keçiriləcək.
İmamoğlu cinayətkar təşkilat yaratmaqda, rüşvət almaqda, cinayət
yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında, dövlət
qurumları və təşkilatlarına ziyan vurmaqla dələduzluqda, habelə
şəxsi məlumatlarla bağlı bir sıra hüquq pozuntularında, cinayət
işləri üzrə sübutların gizlədilməsində və tenderlərin keçirilməsi
zamanı əlbir olmaqda ittiham olunur. İttiham tərəfi onun üçün 2 352
ilədək azadlıqdan məhrumetmə cəzası tələb edir.

