Ərdəbil vilayəti ilə Azərbaycan arasında dəmir yolu yükdaşımalara öz töhfəsini verə bilər (MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində
Ərdəbil-Parsabad dəmir yolu xətti bu vilayət ilə Azərbaycan
arasında dəmir yolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə
bilər.

Bunu Trend
müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə
deyib.

Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmir yolu xətti
Ərdəbil-Miyana dəmir yolu xəttinin ikinci hissəsi hesab olunur.

İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olan
Ərdəbil-Parsabad dəmir yolu xəttinin tikintisi ilə əlaqədar
tədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.

Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və Büdcə
Təşkilatından bu dəmir yolu xəttinin tikintisi üçün texniki
lisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.

“Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzində
saxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndində
dəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişli
rayonu qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıq
olacaq. Ötən illər ərzində bu dəmir yolu ilə əlaqədar iki ölkə
arasında razılaşma əldə olunub. İran hökuməti bu dəmir yolu ilə
əlaqədar razılığını elan edib. Bu xətt də Ərdəbil vilayəti ilə
Azərbaycan arasında dəmir yolu əlaqələrinin inkişafına şərait
yarada bilər. Sözügedən dəmir yolu Ərdəbil vilayətinin Cənubi
Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi Avropa ölkələrinə
çıxışını təmin edəcək”, – deyə o bildirib.

İmami Yeganə qeyd edib ki, bu dəmir yolunun tikintisi
Miyana-Ərdəbil dəmir yolu xətti ilə müqayisədə daha asandır. Çünki
Miyana-Ərdəbil xəttinin əksər hissəsi dağlıq ərazilərdən keçir.
Miyana-Ərdəbil dəmir yolu xəttinin isə cari İran ilinin sonunadək
(20 mart 2026) istifadəyə verilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, İranın hazırkı hökumətinin ( hazırkı
hökumət avqust 2024-dən iqtidardadır) və Prezident Məsud
Pezeşkianın prioritetlərindən biri sərhəd vilayətlərinin qonşu
ölkələrlə müxtəlif sahələrdə əlaqələrinin inkişaf
etdirilməsidir.




Vali bildirib ki, İranın şimal-qərbində yerləşən Ərdəbil
vilayətinin Azərbaycanla 370 km uzunluğunda birgə sərhədi olduğunu
nəzərə alaraq sərhədyanı diplomatiyadan maksimum şəkildə
faydalanmaq mümkündür.

“Ərdəbil vilayəti Azərbaycanla müxtəlif iqtisadi və ticarət
sahələrində əlaqələrini inkişaf etdirməklə Cənubi Qafqaz ölkələri,
Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və Şərqi Avropa ölkələri
ilə iqtisadi əlaqələr qura bilər. Bu çərçivədə ötən 1 il ərzində
Ərdəbil vilayəti müxtəlif ölkələrdən investorlarla əlaqələr quraraq
iqtisadi inkişafı diqqət mərkəzində saxlayıb. Azərbaycana səfər
çərçivəsində aparılan müzakirələrdə son vaxtlar istifadəyə verilmiş
Ərdəbil Azad Ticarət və Sənaye Zonasının fəaliyyətinə xüsusi yer
ayrılıb. Bu zona iki ölkə arasında birgə ticarət və sənaye
zonasının yaradılmasına imkan yarada bilər. Bununla əlaqədar iki
ölkə arasında müzakirələr aparılır”, – deyə o qeyd edib.

İmami Yeganə deyib ki, İranın şimal-qərbində yerləşən
vilayətlərin, o cümlədən Ərdəbilin Azərbaycanla bir çox bağlarının
olduğunu nəzərə alaraq, Ərdəbilin Azərbaycanla ticarət
dövriyyəsinin artırılması üçün səylər göstərilir. Müxtəlif
sahələrdə, o cümlədən investisiya sahəsində iş adamları,
investorlar Ərdəbil vilayətinə dəvət olunublar.

Vali bildirib ki, İranda ən böyük kənd təsərrüfatı parkı Ərdəbil
vilayətində yaradılır. Bu isə iqtisadi və ticarət baxımından iş
adamları üçün müxtəlif imkanlar aça bilər. Vilayətdə yerləşən
istixanalar bölgədə kənd təsərrüfatı məhsullarının təmin
olunmasında böyük rola sahibdir. Ərdəbildə kənd təsərrüfatı
məhsullarının istehsalı və emal sektorundakı potensiallar
investorların diqqətini cəlb edir. Çünki bu vilayətin kənd
təsərrüfatı məhsullarının Avrasiya İqtisadi İttifaqı ölkələrinə
ixrac edilməsi üçün imkanlar var. Burada həmçinin turizm baxımından
böyük imkanlar yaradıla bilər. Bu istiqamətdə vilayətdə hotellərin
tikilməsi və digər turizm sahələri, iqlim çeşidliliyi investorların
marağını cəlb edə bilər.

Onun sözlərinə görə, Ərdəbil vilayətində sənaye, tikinti,
sement, təkər, polietilen borular, sellüloz liflər, parça və geyim,
elektronika ehtiyat hissələri, avtomobil ehtiyat hissələri
istehsalı, eyni zamanda mədən sektorunda imkanlar mövcuddur. Bütün
bunlar həm azərbaycanlı investorların Ərdəbil vilayətində, həm də
yerli investorların Azərbaycanda yatırım etmələrinə şərait yarada
və məhsul ixracına öz töhfəsini verə bilər.

Vali deyib ki, Ərdəbil vilayətində məhsul ixracı əsas
hədəflərdəndir. Belə ki, vilayətdən məhsul ixracının minimum iki
dəfə artırılması diqqət mərkəzində saxlanılır. Bu baxımdan Ərdəbil
vilayəti üçün böyük bir imkan yaranıb ki, kənd təsərrüfatı, sənaye,
mədən və turizm sahələrində Azərbaycanla yaxın əlaqələr qura
bilsin. Bu isə həm Ərdəbil vilayəti, həm də İran hökuməti
tərəfindən ciddi şəkildə dəstəklənir.

İmami Yeganə əlavə edib ki, cari İran ilinin 8 ayı (21 mart -21
noyabr 2025) ərzində Ərdəbil vilayətinin Azərbaycanla gömrük-sərhəd
məntəqəsi vasitəsi ilə 270 milyon dollarlıq məhsul ixrac edib. Vali
bildirib ki, Ərdəbil vilayəti Azərbaycan tərəfi ilə əməkdaşlığı
genişləndirərək məhsul ixracını artırmaq niyyətindədir.

Onun sözlərinə görə, Azərbaycanda baş tutan görüşlərdə
qarşılıqlı səfərlərdən sonra davamlı şəkildə hər iki tərəfin
mütəxəssisləri arasında əlaqələrin inkişafının diqqət mərkəzində
saxlanılması önəm kəsb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir