
Bakı. Trend:
Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif
Paşayev ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət
elçisi Lord Con Olderdaysla görüşüb.
Trend xəbər verir ki, görüşdə
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld,
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev,
Britaniya səfirliyinin nümayəndələri Aleks Tyurrel və Elvin Rzayev,
MAA-nın prorektorları Ədalət Səmədov və Gülnarə Əhmədova, Təlim
Mərkəzinin baş direktoru Aqil Heydərov iştirak ediblər.
Akademik Arif Paşayev qonaqları səmimi salamlayaraq, Azərbaycan
Respublikası ilə Böyük Britaniya arasında neft-qaz sahəsindəki
birgə əməkdaşlığı dünya miqyasında bir nümunə kimi qiymətləndirib.
Söhbət zamanı Böyük Britaniya şirkətlərinin AZAL, Silk Way Holding
və Milli Aviasiya Akademiyası ilə çoxillik səmərəli əlaqələri
barədə danışılıb. Akademik Arif Paşayev bildirib ki, 2000-ci
illərdə Azərbaycan Boeing 757 təyyarələrinin istismarına başladıqda
AZAL və MAA-nın Böyük Britaniyanın Rolls-Roys şirkəti ilə sıx
işbirliyi qurulub.
AZAL-ın prezidenti Samir Rzayev Böyük Britaniya ilə olan sıx
əlaqələrdən danışaraq qeyd edib ki, bu əlaqələrin əsasını Bakı ilə
London arasındakı birbaşa təyyarə reysləri ilə yanaşı, uçuşların
təhlükəsizliyinin idarə olunmasında, naviqasiya sistemlərinin və
aeroportların əməliyyat strukturlarının təkmilləşdirilməsində,
təyyarələrin uçuş yararlığının saxlanılmasında və digər vacib
məsələlərin həllində Azərbaycan ilə Böyük Britaniya şirkətləri
arasındakı birgə əməkdaşlıq təşkil edir.
Daha sonra akademik Arif Paşayev 2009-2010-cu illərdə MAA-da
Böyük Britaniyanın Thales şirkətinin istehsalı olan Airbus A320,
Boeing 757/767 və ATR 42/72 hava gəmilərinin uçuş simulyatorları
quraşdırıldığını qeyd edib. Son 2 ildə Acron Aviation (əvvəlki
Thales və L3 Harris) şirkətinin daha 3 trenajoru – Boeing
777-200LR/F/300ER, Boeing 787-9 təyyarələrinin simulyatorları və
Airbus A320 təyyarəsinin FPT (Flat Panel Trainer) prosedur
trenajoru MAA-da quraşdırılıb.Akademiyanın Təlim Mərkəzində hazırda
fəaliyyət göstərən 8uçuş simulyatorundan 5-i Acron Aviation
şirkətinə məxsusdur. Qeyd olunub ki, MAA-nın uçuş trenajorlarının
ilk beynəlxalq sertifikasiyası da məhz İngiltərənin mülki aviasiya
agentliyi tərəfindən həyata keçirilib. Bunlarla yanaşı AZAL, Silk
Way Holding və MAA mütəxəssisləri Böyük Britaniya şirkətlərində
uçuş və texniki heyətin, təlimatçıların, mühəndislərin, peşəkar
ingilis dili müəllimlərinin hazırlığı və digər təlimlərdə iştirak
edib. Söhbət zamanı qonaqlara Akademiyanın infrastrukturu,
beynəlxalq əlaqələri, fakültə və kafedraları, ixtisasları, tələbə
və məzunları, elmi tədqiqat və təlim-tədris prosesi haqqında geniş
məlumat verilib. Bir sıra ixtisas proqramlarının hazırlanmasında
Böyük Britaniyanın Kinqston və Qrenfild universitetlərinin
təcrübəsindən istifadə edildiyi qeyd olunub.
Tərəflər Azərbaycan aviasiyasının inkişaf istiqamətləri, Böyük
Britaniya ilə mövcud əməkdaşlıq və gələcək perspektivlər barədə
fikir mübadiləsi aparıblar. Daha sonra qonaqları maraqlandıran
suallar cavablandırılıb. Lord Con Olderdays və Səfir Fergus Auld
MAA-da olduqlarlarından məmnunluq bildiriblər.
Sonra qonaqlar Milli Aviasiya Akademiyasının Təlim Mərkəzində
Acron Aviation şirkətinin nümayəndələrinin də iştirakı ilə yeni
istifadəyə verilmiş Boeing-787 simulyatorunda yaradılan təlim
şəraiti ilə tanış olublar.

