Azərbaycan qazı üçün yeni üfüqlər: Şimali Makedoniyaya təchizat Avropanın enerji təhlükəsizliyini gücləndirir

Baş səhifə

Bakı. Trend:

1 dekabr 2025-ci il tarixində Şimali Makedoniyadakı özəl və
sənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə başlanılıb. Bu hadisə Azərbaycanın Avropa
enerji bazarındakı mövqeyinin möhkəmləndirilməsində mühüm mərhələ
kimi qiymətləndirilir.

Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “M-Gaz” və “CNG Systems” şirkətləri arasında əməkdaşlıq çərçivəsində həyata
keçirilib. 2024-cü ildən etibarən Bolqarıstanda uğurla tətbiq
olunan təşəbbüsə bənzər olaraq, Şimali Makedoniyada da pilot
virtual qazlaşdırma layihəsi reallaşdırılıb. Yeni layihə Azərbaycan
qaz ixracının coğrafiyasını genişləndirməklə yanaşı, region
ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə və enerji
təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Şimali Makedoniyadakı layihə ənənəvi qaz şəbəkəsinə qoşulmayan
sənaye və yaşayış istehlakçılarının sıxılmış təbii qaz (CNG) ilə
təmin olunmasını nəzərdə tutur. SOCAR “M-Gaz” vasitəsilə tələb
olunan qaz həcmlərini “CNG Systems” şirkətinə tədarük edir, qaz isə
xüsusi infrastrukturun qurulduğu Strumitsa şəhərinə çatdırılır.
Layihə çərçivəsində Azərbaycan qazı altı uşaq bağçasını, səkkiz
məktəbi, bir xəstəxananı, bir neçə bələdiyyə inzibati binasını,
400-dən çox ev təsərrüfatını və bir sıra sənaye müəssisələrini
istilik və isti su ilə təmin edir.

Azərbaycanın Avropa bazarındakı mövqeyinin möhkəmləndirilməsi
digər layihələrlə də davam etdirilir. Dekabrın 10-da SOCAR ilə
Macarıstanın “MVM ONEnergy” şirkəti arasında Macarıstana 800 milyon
kubmetr təbii qazın tədarükünə dair müqavilə imzalanıb. Müqavilə 1
yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Eyni zamanda SOCAR
Almaniyanın “SEFE” şirkətinə illik həcmi mərhələli şəkildə 15
teravatt-saata qədər artırılmaqla 10 illik müqavilə çərçivəsində
qaz tədarükünə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabrda
Bratislavada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini
ilə mətbuata açıqlamasında dediyi kimi, bu gün zəngin qaz
yataqlarımız bizə dünyanın bir çox ölkəsinə təbii qaz ixrac etməyə
imkan verir.




“Azərbaycan qazını alan ölkələrin sayı on dördə çatıb. Biz boru
kəməri ilə qazın aparıcı ixracatçısıyıq. Yeni qaz yataqlarının
işlənməsi əlavə resurslar yaradacaq və təbii ki, həm Slovakiyaya,
həm də qonşu ölkələrə daha böyük həcmdə Azərbaycan qazı tədarük
etmək mümkün olacaq.

Hazırda ümumi qaz ixracımız 25 milyard kubmetr təşkil edir ki,
bunun da yarısı Avropa ölkələrinə nəql olunur. Bu gün səkkiz Avropa
İttifaqı üzv dövləti Azərbaycan qazını almaqla enerji
təhlükəsizliyini təmin edir”, – dövlət başçısı bildirib.

Avropanın təchizatın şaxələndirilməsi strategiyasında Cənub Qaz
Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP)
mühüm rol oynayır. Avropa Komissiyasının məlumatına görə, TAP son
beş ildə Azərbaycan qazı üçün etibarlı strateji marşrut yaradaraq
Avropa İttifaqının riskli ənənəvi marşrutlardan asılılığını
azaldıb. 2020-ci ilin sonlarından 2025-ci ilin noyabr ayınadək bu
kəmər vasitəsilə təxminən 52,7 milyard kubmetr təbii qaz nəql
olunub. Planlara əsasən, 2026-cı ildən etibarən TAP-ın ötürücülük
qabiliyyəti ildə 1,2 milyard kubmetr artırılacaq.

Uzunmüddətli perspektivdə Azərbaycan qaz ixracının saxlanılması
və genişləndirilməsi Abşeron yatağının işlənməsi,
Azəri-Çıraq-Günəşli blokunda dərin qaz kəşfiyyatı və Ümid-Babək
yatağı daxil olmaqla yeni hasilat layihələri hesabına təmin
ediləcək. Bu təşəbbüslər Azərbaycanın Avropanın etibarlı və
strateji əhəmiyyətli enerji təchizatçısı kimi rolunu daha da
gücləndirir.

Şimali Makedoniyaya Azərbaycan qazının tədarükünün başlanması
ölkənin ixrac coğrafiyasının uğurla genişləndirilməsinin və
Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin növbəti nümunəsi
kimi dəyərləndirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir