
Bakı. Trend:
Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan Mədəniyyəti
Günləri keçiriləcək.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirib ki, bu münasibətlə qardaş ölkənin Mədəniyyət
Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və
aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti
Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı
keçiriləcək.
Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət
Komissiyasının ilk iclası gerçəkləşəcək.
Mədəniyyət günləri çərçivəsində “Navruz” rəqs ansamblı,
Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil
ediləcək.
Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə
tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən
Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.
Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün
mədəni proqram da təşkil olunacaq.
Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti
Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri
keçirilib.
Qeyd edək ki, Azərbaycan və özbək xalqlarını ümumtürk kimliyi,
ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət
mübadiləsi birləşdirir.
Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət
başçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsində
müttəfiqlik zirvəsinə yüksəlib.
Hazırda qardaş ölkələrimiz arasında mədəni əməkdaşlıq əlaqələri
də özünün intibah çağını yaşayır.

