Özbəkistanda Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib

Baş səhifə

Bakı. Trend:

Özbəkistan Yazıçılar İttifaqında böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi olub.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata
görə, tədbirdə görkəmli dövlət və ictimai xadimlər, şairlər,
yazıçılar, ədəbiyyatşünas alimlər, tərcüməçilər və tələbələr
iştirak ediblər.

Mərasimi Özbəkistan Yazıçılar İttifaqının sədri, şair Siracəddin
Səyyid açaraq Məhəmməd Füzulinin yaradıcılığı haqqında geniş
məlumat verib. Onun sözlərinə görə, şairin demək olar ki, bütün
əsərləri özbək dilinə tərcümə olunub və Füzuli poeziyası bütün türk
xalqları arasında böyük sevgi və ehtiramla oxunur. Xüsusilə “Leyli
və Məcnun” poemasının özbək xalqı üçün son dərəcə əziz və dəyərli
olduğu vurğulanıb.

Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində
fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Akif Marifli çıxış edərək bildirib ki,
Məhəmməd Füzulinin “Seçilmiş əsərləri” kitabının nəşri
Azərbaycan–Özbəkistan mədəni əlaqələrinin son illər dövlət
başçıları səviyyəsində ardıcıl və sistemli şəkildə inkişafının
bariz nümunəsidir. O vurğulayıb ki, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin kitaba yazdığı ön söz nəşrə xüsusi dəyər qatmaqla
yanaşı, özbək və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı
hörmət ruhunu əks etdirir və Azərbaycan Prezidenti İlham Əliyevin
humanitar sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində
apardığı siyasətlə səsləşir.




Tədbirdə, həmçinin Özbəkistan Yazıçılar İttifaqı sədrinin
müavini, şair Qayrat Məcid, Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya
elmləri doktoru Almaz Ülvi Binnətova, onlayn formatda həmin şöbənin
əməkdaşı Yaşar Qasım, özbək alimləri — professor Maqsud Əsədov,
filologiya elmləri doktoru Gülbahar Aşurova və digərləri çıxış
ediblər. Çıxışlarda Məhəmməd Füzulinin təkcə Azərbaycan
ədəbiyyatının deyil, bütövlükdə Şərq klassik poeziyasının böyük söz
ustadı olduğu qeyd edilib.

Qeyd edək ki, kitab Özbəkistan Yazıçılar İttifaqı və Özbəkistan
İslam Sivilizasiyası Mərkəzinin birgə təşəbbüsü ilə Daşkənddə
“Zilol buloq” nəşriyyatında nəfis tərtibatla çap olunub. Özbəkistan
Prezidenti Şavkat Mirziyoyev kitaba “Özbək və Azərbaycan
xalqlarının birliyi” adlı ön söz yazıb. Nəşrdə şairin “Divan”ı,
“Leyli və Məcnun”, “Bəngü badə”, “Meyvələrin söhbəti” poemaları və
qəzəlləri yer alıb.

Kitabı nəşrə hazırlayan, lüğət və izahların müəllifi Mirzə
Kenjabekdir. Nəşrin hazırlanması zamanı Özbəkistan İslam
Sivilizasiyası Mərkəzinin kitabxanasında saxlanılan nəstəliq xətti
ilə yazılmış “Divani Mövlana Füzuli” və “Divani Füzuli”
əlyazmalarından, Türkiyənin Süleymaniyyə kitabxanasında qorunan
“Divani Füzuli əleyhir-rəhmə” əlyazmasının bir nüsxəsindən, eləcə
də Səidjon Taşmuhamedov ailəsində saxlanılan “Divani Füzuli maa
Leyli və Məcnun” litoqrafik nəşrindən istifadə olunub. Kitaba
Məhəmməd Füzulinin əvvəllər nəşr olunmayan əsərləri də daxil
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir