
Bakı. Trend:
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17
Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Trend-in
məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha
2 idmançısı yarımfinala vəsiqəni təmin edib.
Gülər Hüseynova (48 kiloqram) Maria Spennato (İtaliya) ilə
döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib
gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə
gələcək.
Şahin Aslanov (60 kiloqram) da 1/4 final döyüşünü öz xeyrinə
bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1
(30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda
rəqibi Ceyson Maher (İrlandiya) olacaq.
Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri
üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib.
Daha öncə Qardaş Rəhimovla (46 kiloqram) Şükar Əliyev (75 kiloqram)
də bu hüquqa yiyələniblər.
Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 15-də olacaq.

