
Bakı.Trend:
MDB məkanının ən böyük Batareya Saxlanc Mərkəzləri bir neçə
aydan sonra Abşeron və Ağdaş rayonlarında istismara veriləcək.
Trend “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, Azərbaycanda bərpa
olunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün
“AzərEnerji” tərəfindən genişmiqyaslı Batareya Enerji Saxlanc
Sistemlərinin (BESS) yaradılması prosesi sürətli şəkildə davam
edir. Bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük
Batareya Saxlanc Sistemləri olan bu enerji obyektləri paytaxta
yaxın 500 kV-luq “Abşeron”, eləcə də ölkənin mərkəz hissəsində
yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində
qurulur.
Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan
mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq
bu günlərdə ölkəyə gətirilib. Çinin Great Power zavodunda sifariş
əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit
Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey
dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu
ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib. Hər
birinin çəkisi 36 ton olan batareya saxlanc sistemləri polis
müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq
quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15 faizi ölkəyə gətirilib
və qalan 85 faizi isə aprel ayına qədər gətirilərək
quraşdırılacaq.
Qeyd edək ki, “AzərEnerji” tərəfindən Batareya Saxlanc
Mərkəzlərin yaradılması enerji sisteminin dayanıqlığının
artırılması, tezliyin sabit saxlanılması, BOEM-lərdə dəyişkənliyin
balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin
azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında
enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət
daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini
gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə
paralel, həm də müstəqil rejimində etibarlı fəaliyyətini təmin
edəcək.

