
Bakı. Trend:
Məktəblər dini maarifləndirmə prosesində mühüm rol oynaya
bilər.
Trend xəbər
verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr
müavini Gündüz İsmayılov bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə
keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər”
mövzusunda konfrans çərçivəsində jurnalistlərə açıqlamasında
bildirib.
Onun sözlərinə görə, cəmiyyətin ehtiyac duyduğu əsas kadrlardan
biri savadlı din xadimləridir.
“Dini biliklərin düzgün ötürülməsi, xüsusilə dini radikalizm,
xurafat və məzhəbçiliklə mübarizə baxımından mövcud resurslarla
yanaşı, yeni və perspektivli mənbələrə ehtiyac var. Bu kontekstdə
ilk ağla gələn vasitə təhsil sistemi və məktəblərdir. Milli-mənəvi
dəyərlərin gənclər və yeniyetmələr arasında düzgün təbliği ilə
yanaşı, dini biliklərin verilməsində də təhsil müəssisələrinin
potensialından istifadə olunmalıdır. Azərbaycan Respublikasında din
dövlətdən ayrıdır və ölkə dünyəvi dövlət kimi təhsildə şəriətlə
bağlı məsələlərin yer almasına imkan vermir. Lakin din yalnız
şəriətdən ibarət deyil, onun mədəni və mənəvi aspektləri də
mövcuddur.
Bu baxımdan məktəblərdə dini-mənəvi dəyərlərin mədəni və mənəvi
yönlərinin düzgün çatdırılması, gənclərin dini
maarifləndirilməsində təhsilin rolunun artırılması
məqsədəuyğundur”.

