
Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri dekabrın
15-də Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyəcəklər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali
nümayəndəsi Kaya Kallas açıqlama verib.
Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyalar siyahısına daha
40 dəniz gəmisinin adlarını daxil edəcək.
“Biz “kölgə donanması”na aid gəmilərlə bağlı qərar qəbul
edəcəyik. 40 əlavə gəmi və yardımçı vasitəni nəzərdə tutmuşuq”, –
deyə Kallas bildirib.
Bundan əvvəl İsveçrə hökuməti Aİ-nin 19-cu sanksiyalar paketinə
qoşulduğunu elan edib. Yeni tədbirlər 13 dekabr 2025-ci il
tarixindən qüvvəyə minib.
Avropa İttifaqının oktyabrın sonunda Rusiyaya qarşı tətbiq
etdiyi 19-cu sanksiyalar paketi Rusiya bank qurumlarına və
kriptovalyutalardan istifadə edilməklə aparılan əməliyyatlara qarşı
məhdudiyyətləri nəzərdə tutur. Bundan əlavə, məhdudiyyətlər
siyahısına xarici bayraqlar altında üzən və Rusiya neftinin
daşınmasında iştirak edən yüzdən artıq tanker daxil edilib. Eyni
zamanda, Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Aİ
ölkələrinin ərazisində rusiyalı diplomatların hərəkətinə
məhdudiyyətlərin tətbiq olunduğunu da təsdiqləyib.

