
Bakı. Trend:
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt
rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq
tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,
artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada
yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ
bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan
bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik
qatır.
Bildirilib ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində
ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval-ruhiyyəsi
olduqca yüksəkdir. Buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr –
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər
prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov,
mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir
sıra digər ərazilər də bayramla bağlı xüsusi zövqlə bəzədilir.
“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.
Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsində
bayramın qeyd edilməsinə dair formalaşmış ənənəni yaşadır və buraya
gələn vətəndaşları, eləcə də turistləri möhtəşəm və yaddaqalan bir
bayram görüntüsü ilə qarşılayır. Həmçinin Mərkəzi park və metronun
“Gənclik” stansiyası yaxınlığındakı keçmiş “Antena” sahəsi kimi
tanınan parklarda da paytaxt sakinləri və şəhərin qonaqlarının
mənalı və xoş istirahəti üçün gözəl şəkildə bəzədilmiş şam ağacları
quraşdırılır.
Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara
bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.
Qeyd edilib ki, bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin
yaradılması ilə kifayətlənmir, eyni zamanda Bakı şəhərinin estetik
gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha
nümayiş etdirir.

