
Bakı. Trend:
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının
növbəti iclası keçirilib.
KOBİA-dan Trend-ə verilən məlumata görə, iclasda KOB
subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə
“Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.
Bildirilib ki, “Startap” şəhadətnamələri “OpenConnect” MMC-nin
startap investor platforması, “LULLA” MMC-nin uşaqlar və
valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, “İMYEN” MMC-nin tibbi radiologiya sahəsində süni intellekt
funksiyalı proqram təminatı, “Vebtypely” MMC-nin “no-code” əsaslı
vebsaytların hazırlanması üçün onlayn platforması, “JSM Solutions”
MMC-nin biznes üçün CRM tətbiqi, “Yolüstü Service” MMC-nin müxtəlif
istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş
sistemi, “Parkhub” MMC-nin parkinq yerlərinin axtarışı və
istifadəsi üçün mobil tətbiqi, “Bishir” MMC-nin yemək
həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, “Time Agency”
MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar
Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün
rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması,
Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə
tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə
əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale
365″ MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün
rəqəmsal platforması, “Onvey” MMC-nin onlayn ticarət və çatdırılma
xidməti üçün platforma və mobil tətbiqi, “Kinobox” MMC-nin onlayn
kinoteatr, “İşgüzar Group” MMC-nin müxtəlif xidmətlər üçün onlayn
marketpleysi və “SETM” MMC-nin pirotexniki vasitələrin və
partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat
kompleksi layihələri üçün təqdim edilib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı
238-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

