
Bakı. Trend:
Radikal təfsirlərə qarşı sağlam dini biliklərin tədrisi ilə
bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Elm və Təhsil
Nazirliyinin birgə əməkdaşlığı nəticəsində fəaliyyət planı
hazırlana bilər.
Trend xəbər
verir ki, bunu Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə
fəlsəfə doktoru Mehman İsmayılov bu gün Bakıda Elm və Təhsil
Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə
təşkilatçılığı ilə “Dini düşüncə mədəniyyəti: pedaqoji
perspektivlər” mövzusunda keçirilən konfransda “Dini fanatizm,
xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici
missiyası” adlı panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, natamam dini təhsil, ailə və sosial mühitin
təsiri, psixoloji amillər, yanlış dini təbliğat, rasional düşüncə
azlığı kimi şeylər dini fanatizmə gətirib çıxaran amillərdir:
“Xurafat, dini fanatizm və dini radikalizm qızları öz
hüquqlarından uzaqlaşdırır, onların azadlıqlarını ciddi şəkildə
məhdudlaşdırır. Qızların təhsilə, işə, ictimai həyata çıxışını
əngəlləyir, gender bərabərliyi prinsipləri inkar olunur. Məktəbin
və ya təhsilin məqsədlərindən biri də ailədə qazanılan dağınıq və
natamam biliklərin toplanıb tamamlanmasıdır. Radikal təfsirlərə
qarşı sağlam dini biliklərin tədrisi ilə bağlı Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə
əməkdaşlığı nəticəsində fəaliyyət planı hazırlana bilər”.

