
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi
təşəbbüsünü irəli sürüb.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya
aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan
məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən
böyük amnistiya olacağı ehtimal edilir.
Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil
ediləcəyi gözlənilir.
Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından
azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin
cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın
məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan
məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq
edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət
məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

