
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Amerika
Birləşmiş Ştatlarına (ABŞ) fiziki şəxslərin pul köçürmələrinin
həcmi 55,706 milyon ABŞ dolları təşkil edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici
2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,715 milyon ABŞ dolları və
ya 23,8% çoxdur.
Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pul
köçürmələrində ABŞ-nin payı 15,4% təşkil edib.
Həmçinin cari ilin ilk 9 ayında Amerika Birləşmiş Ştatlarından
Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 74,134 milyon
ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici
ilə müqayisədə 26,153 milyon ABŞ dolları və ya 54,5% artım
deməkdir.
Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində
ABŞ-nin payı 8,7% təşkil edib.
2024-cü ilin ilk 9 ayında Azərbaycandan ABŞ-yə fiziki şəxslərin
pul köçürmələrinin həcmi 44,991 milyon ABŞ dolları, əks istiqamətdə
isə 47,981 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, 2025-ci ilin ilk 9 ayında Azərbaycandan xarici
ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin
həcmi 361,357 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin
eyni dövründəki göstərici ilə müqayisədə 46,925 milyon ABŞ dolları
və ya 11,5% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 849,910 milyon ABŞ
dolları təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr
aylarındakı göstərici ilə müqayisədə 1,404 milyon ABŞ dolları və ya
0,2% çoxdur.

