
Bakı. Trend:
Ombudsman Aparatının əməkdaşları 2025-ci il 5 dekabr tarixində
Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata
keçirilmiş Azərbaycan Respublikası vətəndaşları ilə görüş
keçirib.
Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən xarici ölkədə çətin
həyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçinin
onların hüquq və azadlıqlarının təmin olunması məsələləri diqqətdə
saxlanılır.
Repatriasiya edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq
sosial xidmət müəssisəsinə yerləşdirilmiş 1 qadın və 3 uşaqla
keçirilən görüş zamanı onların hüquqlarının təmin olunması
vəziyyəti araşdırılıb. Müəssisə rəhbəri və əməkdaşları tərəfindən
təsisatın nümayəndələrinə repatriantlara göstərilən sosial
xidmətlər barədə məlumat verilib.
Görüş çərçivəsində uşaqların şəxsiyyətini təsdiq edən sənədlər,
təhsil hüququnun təmini, qadının təhsilinin bərpası ilə bağlı
çətinliklərin mövcud olduğu müəyyən edilib, repatriantlara
hüquqlarının müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində
tövsiyələr verilib. Bununla yanaşı, repatriantlara Müvəkkilin
mandatı, Ombudsmana müraciət imkanları barədə geniş məlumat
verilib.

