
Bakı. Trend:
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations
Office for South-South Cooperation (UNOSSC)) 2025-ci ilin aprelində
Bakıda 116 ölkədən QHT-lər tərəfindən təsis edilmiş Qlobal Cənub
QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə
məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında
yerləşdirib.
Trend xəbər
verir ki, UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş
cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan
QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən
yayması ilk dəfədir baş verir.
Qeyd edək ki, dünya əhalisinin 80%-nin yaşadığı – Latın
Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən
Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda
qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi
narahatlıq doğurur. Mövcud dezinteqrasiya prosesləri fonunda
qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədəni
müxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarının
yaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünya
düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir
dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə
qarşı birləşmək zərurətinin aydın təzahürü kimi olduqca
əhəmiyyətlidir.
Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə
indiyədək mövcud olmayıb. İlk dəfə ki, Azərbaycan vətəndaş
cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini
əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116
ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma
təsis edib. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən
116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer
alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən
məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament
şəbəkələri olsa da, QHT şəbəkəsi yox idi. Qlobal Cənub QHT
Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Bu
platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş
tarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplər
dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli
dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi
bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin
olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi
rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.
Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl
edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini
fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası,
mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir.
Onu da qeyd edək ki, bu ilin mayında Nyu-Yorkda BMT-nin
Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office
for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib
Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasını alqışlayan
açıqlama ilə çıxış etmişdi. O, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə
Ofisinin Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıqda maraqlı
olduğunu diqqətə çatdırmışdı.
UNOSSC-un öz rəsmi saytında GSNP barədə yerləşdirdiyi məlumat
bir daha nümayiş etdirir ki, bu Platformanın fəaliyyəti qısa
müddətdə qlobal diqqət qazanıb.

