
Bakı. Trend:
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti 88 illik
tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarından birinin
fəaliyyətini dayandırır.
Trend xəbər verir
ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Drezden zavodunun bağlanması şirkətin Çin və
Avropada satışlarının azalması fonunda üzləşdiyi maliyyə
çətinlikləri ilə əlaqədardır. Vaşinqton tərəfindən tətbiq edilən
yüksək idxal tarifləri də bu qərara təsir edən amillər sırasında
göstərilir. Zavodun bağlanması “Volkswagen”in Almaniyada 35 min iş
yerini ixtisar etməyi nəzərdə tutan planının tərkib hissəsidir.
Zavod dekabrın 16-da fəaliyyətini dayandıracaq. Şirkət
nümayəndələri bildiriblər ki, istehsalın dayandırılması qərarı
“iqtisadi baxımdan zəruri” olsa da, asan qəbul edilməyib.
Qeyd edək ki, 2002-ci ildə Drezdendə fəaliyyətə başlayan zavod
bu müddət ərzində təxminən 200 min avtomobil istehsal edib.
“Volkswagen”ə məxsus ərazinin gələcəkdə süni intellekt çiplərinin
hazırlanması üçün tədqiqat kampusu yaradılması məqsədilə Drezden
Universitetinə verilməsi planlaşdırılır.

