
Bakı. Trend:
Fransanın məşhur Luvr muzeyi dekabrın 15-də işçilərin tətilinə
görə fəaliyyət göstərməyib.
Trend xəbər verir
ki, bu məlumatı “Reuters” yayıb.
Əməkdaşlar maaşların artırılmasını və iş şəraitinin
yaxşılaşdırılmasını tələb edirlər. Tətil oktyabr ayında baş verən
qarət hadisəsindən sonra fəaliyyətini normal qaydada bərpa edə
bilməyən muzeydəki iş prosesinə əlavə problemlər yaradıb. Məsələdən
xəbərsiz olan yüzlərlə turist isə muzeyi ziyarət etmək üçün uzun
növbələrdə gözləməli olub.
İşçilər rəhbərliyin sərtləşdirilmiş idarəetmə metodları və
ziddiyyətli tapşırıqlardan narazı olduqlarını bildiriblər. Tətil
qərarı əməkdaşların ümumi yığıncağında yekdilliklə qəbul
olunub.
“France 24” telekanalının məlumatına görə, aksiyada təxminən 400
işçi iştirak edib.

