
Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycan və banka üzv olan bir sıra başqa
ölkələrin də yer aldığı “Dayanıqlı İnkişaf üzrə 2030-cu il
Gündəliyinin Təşviqi” təşəbbüsü çərçivəsində 4-cü Sub-layihənin
gerçəkləşdirilməsi üçün Xüsusi Texniki Yardım Fondundan 500 min
dollar həcmində qrantın ayrılmasını təsdiqləyib.
Bu barədə Trend
banka istinadən xəbər verir.
Regional layihə Ermənistan, Azərbaycan, Butan, Gürcüstan,
İndoneziya, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, Pakistan,
Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı ehtiva edir.
Təşəbbüs iştirakçı ölkələrin BMT-nin 2030-cu ilədək Dayanıqlı
İnkişaf Gündəliyinə uyğun inkişaf proqramlarının hazırlanması,
maliyyələşdirilməsi və həyata keçirilməsi sahəsində potensialının
gücləndirilməsinə yönəlib. Gözlənilir ki, layihə AİB-ə üzv
ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) daha səmərəli
şəkildə nail olunmasına töhfə verəcək.
Bankda qeyd edirlər ki, layihənin nəticəsi DİM-lərə birbaşa
töhfə verən daha keyfiyyətli proqram və layihələrin hazırlanması və
icrası olacaq. Əsas gözlənilən nəticələr sırasında inkişaf
proqramları və maliyyələşdirmə mexanizmlərinin 2030 Gündəliyi ilə
uzlaşdırılması üzrə milli potensialın artırılması, ən yaxşı
təcrübələr və layihələrin icrasından əldə olunan dərslər barədə
biliklərin genişləndirilməsi, habelə nəticəyönümlü layihələndirmə
və idarəetmə sahəsində bacarıqların möhkəmləndirilməsi yer
alır.

