
Bakı. Trend:
Türkiyədə Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən
idarə olunan STAR neft emalı zavoduna (NEZ) neft idxalı 2025-ci
ilin oktyabrında kəskin artıb.
Trend bu barədə
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)
istinadən xəbər verir.
Ay ərzində NEZ 988,771 ton neft idxal edib ki, bu da 2024-cü
ilin oktyabr ayı ilə müqayisədə 4,9 dəfə çoxdur. Həmin dövrdə
zavoda 201,588 ton neft idxal olunmuşdu.
STAR NEZ-də 597,699 ton dizel yanacağı, 117,176 ton aviasiya
yanacağı və təxminən 8, 160 ton ağır vakuum qazoylu istehsal
edilib. Bundan əlavə, müəssisə 28 339 ton mayeləşdirilmiş neft qazı
(LPG), 129,330 ton nafta, 69,754 ton neft koksu, həmçinin 15,352
ton yüksək kükürdlü dizel yanacağı və digər məhsullar istehsal
edib.
Xatırladaq ki, 5 sentyabr 2024-cü il tarixindən etibarən STAR
NEZ iki ay müddətinə planlı profilaktikaya dayandırılmış, obyekt
üzrə bütün avadanlıqların texniki xidməti və modernləşdirilməsi
işləri həyata keçirilmişdi.
STAR NEZ-in istehsal güclərinin artırılmasına yönəlmiş nəzərdə
tutulan texniki xidmət işləri uğurla başa çatdırılıb.
Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan
“STAR” zavodu neft emalını neft-kimya məhsullarının istehsalı ilə
birləşdirir və Türkiyə iqtisadiyyatının real sektorunda ən iri
investisiya layihəsi hesab olunur.

