
Bakı. Trend:
Uşaq İncəsənət Festivalının laureatı Kövsər Qurban beynəlxalq
səviyyədə böyük uğura imza atıb.
O, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) və Beynəlxalq
Miqrasiya Təşkilatının (IOM) birgə təşkil etdiyi PLURAL+ Gənclər
Video Festivalında “Black and White” animasiya filmi ilə ikiqat
qalib olub.
Kövsər 11-ci UNAOC Beynəlxalq Forumu çərçivəsində keçirilən
Beynəlxalq PLURAL+ Gənclər Film Festivalında 12 yaşdan aşağı yaş
kateqoriyası üzrə Beynəlxalq Jüri Mükafatına (1-ci yer) və FCAT
Tərəfdaş Mükafatına layiq görülüb.
Bu uğur ona Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda
keçiriləcək beynəlxalq mükafatlandırma mərasiminə iştirak
qazandırıb.
Gənc istedadın nailiyyətləri bununla bitmir. Kövsər Qurban
Beynəlxalq SAF Olimpiadasında VidX kateqoriyası üzrə 4 dəfə qalib
olub.
Kövsər musiqi sahəsində də uğurları ilə seçilir. O, İspaniyada
keçirilən beynəlxalq incəsənət festivalında fortepiano üzrə solo
ifada ikiqat birinci yer, eləcə də Art Olimpia İncəsənət
Müsabiqəsində fortepiano üzrə solo ifa kateqoriyasında çoxsaylı
mükafatlar qazanıb. O cümlədən, Mədəniyyət Nazirliyi, Heydər Əliyev
Mərkəzi, Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq
İncəsənət Festivalında 2023-cü ildə rəsm nominasiyası üzrə 2-ci
olub.
Mədəniyyət Nazirliyi adından Kövsəri ürəkdən təbrik edirik!

