Kiberpolis sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq edən şəxsi ifşa etdi

Baş səhifə

Bakı. Trend:

Son dövrlər sosial şəbəkələrdə “körpələrə yardım”, “fiziki
qüsurlu uşaqlara ianə”, “təcili əməliyyat üçün pul lazımdır” kimi
çağırışlara rast gəlinir. Amma təəssüflə qeyd olunmalıdır ki, əksər
hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya
edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır.


Trend
xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, bu cür hüquqazidd əməllərin yol verildiyi
səhifələrə qarşı isə Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla
Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən mütəmadi olaraq
əməliyyat-texniki tədbirlər həyata keçirilir. Kiberpolisin növbəti
tədbiri zamanı qeyd olunan analoji əməlləri törətməkdə şübhəli
bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. O, xəstə, müalicəyə
ehtiyacı olan körpələrin foto və video görüntülərini “Instagram”
sosial şəbəkəsində yaratdığı “Zəhra balama yardım”, “Körpə balama
dəstək”, “Əli üçün yardım”, “Yusif serebral iflic” və s.
səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı
üçün təhlükə yarana biləcəyini qeyd edib.




R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank
kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır
xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və
mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1
manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul
vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq
şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi
ehtiyaclarına xərcləyib.

R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron
sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı
altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir
qədər diqqətli olsunlar. Həmçinin, sosial şəbəkə istifadəçilərini
dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə
əməliyyatlarından çəkinməyə çağırırıq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir