
Bakı. Trend:
Uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi
genişləndirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, səriştəlilik sınaqlarının təşkili üzrə
təminatçıların, validasiya orqanlarının və verifikasiya
orqanlarının uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil
edilməsi təmin ediləcək.
Bununla əlaqədar qanuna yeni anlayışlar əlavə
ediləcək:
- səriştəlilik sınağı – nəticələrini təqdim edən
şəxslərin fəaliyyətinin laboratoriyalararası müqayisələr vasitəsilə
qiymətləndirilməsi prosesi; - validasiya – obyektiv sübutların təqdim
edilməsi yolu ilə bəyan edilmiş məlumatın təsdiqi; - verifikasiya – qiymətlən-dirmə obyektlərinin
texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələbləri yerinə
yetirdiyinə dair təqdim olunmuş sübutlara əsasən
təsdiqlənməsi.
Qeyd edilib ki, qanun layihəsi uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və
beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya
edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən
uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin
və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.

