
Bakı. Trend:
Dekabr ayının 15-də saat 23:00 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti
ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar
olunub.
Trend xəbər verir ki, bu
barədə DSX məlumat yayıb.
Bildirilir ki, sərhəd zastavası “Silaha” komandası üzrə
qaldırılmış, xidməti ərazi tam qapadılıb.
Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri
nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram
narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran
rayon sakinləri – 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynağa
oğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümağa oğlu
saxlanılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edilir ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin
edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların
prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri
uğurla davam etdirilir.

