
Bakı. Trend:
Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının
rəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.
Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq
yükdaşıma əməliyyatları ilə bağlı proseslərin rəqəmsallaşdırılması,
məlumatların xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət
orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin
edilməsi və ölkənin logistika sahəsində rəqabət qabiliyyətini
gücləndirmək məqsədilə digər qurumların iştirakı ilə Rəqəmsal Logistika Platforması (DLP –
Digital Logistics Platform) yaradılır.
“DLP” – idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron
bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ
platformadır. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə
sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə
xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan
çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını,
xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında
rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin
edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün
əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.
Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit
əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif
qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm
də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni
məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal
və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması,
sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara
uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid
pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini
ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini
ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının
yaradılması təxirəsalınmaz tələb idi.
Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya
sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin
şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin
operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin
artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi,
daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və
yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli
proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını,
aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit
əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik
məlumatların emal olunmasını nəzərdə tutur.
Platforma dörd əsas moduldan ibarətdir:
- “Ticarət bələdçisi” modulu xarici iqtisadi
fəaliyyət subyektlərinə məhsul üzrə axtarış zamanı seçilmiş daşıma
və əməliyyat növünə (idxal, ixrac, tranzit) uyğun olaraq dövlət
qurumlarının tələblərini və icra mərhələlərini addım-addım
göstərir, tələb olunan sənədlər və icraçı qurumlar barəsində təqdim
edir. - “Ticarət xidmətləri” modulu xarici iqtisadi
fəaliyyət zamanı tələb olunan sənədlərin vahid elektron müraciət
əsasında əldə edilməsini təmin edir. - “Rezervasiya modulu” yük sahibləri və
daşıyıcılar arasında körpü rolunu oynayaraq elan yerləşdirmə və
uyğun təklif əsasında tərəfdaşlıq imkanları yaradır. - “Hesabatlılıq modulu” istifadəçilərin
əməliyyatları əsasında ətraflı analitik hesabatların hazırlanmasını
təmin edir. Modul məlumat əsaslı qərarvermə, dövlət qurumları üçün
çevik hesabatların təqdim olunması kimi üstünlüklərə malikdir.
Platformanın əsas modullarından olan “Ticarət bələdçisi” artıq
istifadəyə hazırdır. Modulda məhsul üzrə axtarış zamanı xidmətin
rüsumu, icra müddəti və əlaqəli digər məlumatlar, həmçinin daşınma
növü, əməliyyat növünə görə filtrləmə imkanları mövcuddur.
Platformada növbəti aylarda “Ticarət xidmətləri” modulunun
istifadəyə verilməsi planlaşdırılır. Bu modul çərçivəsində xarici
iqtisadi fəaliyyət üçün tələb olunan icazə, lisenziya və digər
müvafiq sənədlərin platforma üzərindən əldə edilməsi nəzərdə
tutulur.
“DLP” regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması
sahəsində atılan ilk addımlardan biridir və Azərbaycanın beynəlxalq
nəqliyyat qovşağı kimi mövqeyini gücləndirəcək. Bu təşəbbüs isə
ölkədə rəqəmsal transformasiya istiqamətində növbəti mühüm mərhələ
olacaq.
Platformanın yeniliklərindən vaxtında xəbərdar olmaq və təqdim
olunan xidmətlərdən yararlanmaq üçün rəsmi veb-saytı və sosial
şəbəkə hesablarını izləyə bilərsiniz:

