
Bakı. Trend:
ABŞ-nin Meyo klinikasının alimləri qocalan “zombi hüceyrələrin”
qaraciyərdə piylənmə xəstəliyinin ağır formasının inkişafını
sürətləndirdiyini müəyyən ediblər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, elmi araşdırmanın nəticələri “Nature
Communications” nəşrində dərc olunub.
Yaşlanan hüceyrələr orqanizmdə öz funksiyalarını normal şəkildə
yerinə yetirmək qabiliyyətini itirir, lakin məhv olmurlar. Onlar
zədələnmə və ya stress səbəbindən parçalanmanı dayandırır,
toxumalarda toplanaraq iltihaba səbəb olurlar. Bəzi “zombi
hüceyrələr” ürək-damar xəstəliklərini təşviq edə bildiyi halda,
digərləri immun sisteminə yaraların sağalmasına kömək edir və hətta
xərçənglə mübarizədə rol oynayır.
Yeni tədqiqatda alimlər aşkar ediblər ki, bu cür hüceyrələr
metabolik steatohepatit zamanı çapıqlaşma və iltihabı daha da
gücləndirir. Metabolik steatohepatit qaraciyərin geniş yayılmış
xəstəliyidir və piylənmə, şəkərli diabet və ya hepatotoksik təsirə
malik dərmanların qəbulu nəticəsində inkişaf edir.
Tədqiqatçıların sözlərinə görə, yaşlanan hüceyrələrin “enerji
stansiyaları” olan mitoxondrilərdə yerləşən mitoxondrial RNT
adlanan kiçik molekullar hüceyrənin əsas hissəsinə keçə bilər. Bu
isə adətən hüceyrə virusla yoluxduqda aktivləşən RIG-I və MDA5 adlı
antivirus sensorlarının səhvən işə düşməsinə səbəb olur. Bu halda
təhlükə siqnalı hüceyrənin öz mitoxondrilərindən qaynaqlanır və
ətrafdakı sağlam toxumalara zərər verə bilən iltihab “dalğası”nı
işə salır.

