
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Çin arasında
ticarət əməliyyatlarının həcmi 4,214 milyard ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 816,1 milyon ABŞ dolları və ya 24% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 9,45%-i həcmində olub. Bununla da sözügedən
ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə
qərarlaşıb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Çinə 79,6 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 66,6 milyon ABŞ dolları və ya 4,8 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 4,1 milyard ABŞ dolları
dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 749,4 milyon ABŞ dolları və ya 22,2%
artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan
xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804
milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,275
milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon
kubmetr və ya 3% azdır.
Dövr ərzində təbii qazın ölkənin ümumi ixracında payı 34,69%-ə
bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici
ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və
ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.
Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.

