“Türk Dünyası Gələcəyin Liderləri Forumu: Təhsildən iş dünyasına” adlı tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Eskişehirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
xatirəsinə həsr olunan “Türk Dünyası Gələcəyin Liderləri Forumu:
Təhsildən iş dünyasına” adlı tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

İki gün davam edən tədbir Azərbaycan Respublikasının Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyası (TADEF) və Eskişehir Azərbaycanlılar Dərnəyinin
EsAzDer Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin birinci günündə hər iki ölkənin Dövlət Himni
səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də türk
dünyasının digər dövlət xadimlərinin və şəhidlərin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində EsAzDer Akademiyasının rəhbəri Dr. Nurlan
Maarif və TADEF-in sədr müavini Settar Kaya Ümummilli Lider Heydər
Əliyevin türk dünyasının birliyi, siyasi həmrəyliyi və strateji
əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində göstərdiyi əvəzsiz
xidmətlərdən söhbət açıblar. Onlar Heydər Əliyevin uzaqgörən
dövlətçilik siyasətinin bugün də Türk dövlətləri arasında
münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb, onun
ideyalarının gələcək nəsillər üçün yol göstəricisi olduğunu qeyd
ediblər.

Rəsmi çıxışlardan sonra tədbir panel iclası ilə davam edib.

Dosent İnci Oya Coşkunun moderatorluğu ilə keçirilən “Təhsildən
biznes dünyasına çoxşaxəli baxış” panelində qlobal karyera
imkanları, beynəlxalq iş mədəniyyəti, çoxmədəniyyətli komandalar,
gənc sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya mövzuları
müzakirə olunub.

Paneldə professorlar Mehmet Başar və Gökçe Yüksek, eləcə də Vəli
Səfərov və Dr. Asif Kurban mövzu barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda panel iştirakçılarına plaket və təşəkkürnamələr
təqdim olunub.

Forumun ikinci günündə iki seminar və “Bermuda” bilik yarışı
təşkil olunub. Eskişehir Ticarət Palatasının Baş katibinin müavini
Okan Adıyaman karyera planlaşdırılması və iş həyatında fərdi
inkişaf və səlis nitq təlimi, teatr rejissoru Şeker Aybala isə
ictimaiyyət qarşısında görünüş, bədən dili və ünsiyyət bacarıqları
mövzularında iştirakçılara praktiki tövsiyələr verib.

“Bermuda” Bilik Yarışının nəticələrinə əsasən, I yerə
“Generation Pi”, II yerə “102 Life”, III yerə “Spartak” komandası
layiq görülüb. Qalib komandalar hədiyyələrlə mükafatlandırılıb.

Bağlanış mərasimində çıxış edən Eskişehir Azərbaycanlılar
Dərnəyinin sədri Cavid Aydın türk dünyasını bir araya gətirən belə
elmi və peşəkar platformaların əhəmiyyətini vurğulayıb. O,
təşkilatçılara, məruzəçilərə, dəstək göstərən qurumlara və
iştirakçılara təşəkkürünü bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir