
Bakı. Trend:
Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil
verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman
Paytaxtı elan olunub.
Trend xəbər
verir ki, bu münasibətlə dekabrın 16-də dövlət rəsmilərinin və
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES)
nümayəndələrinin iştirakı ilə Dünya İdman Paytaxtları xatirə
lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri
Fərid Qayıbov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,
ACES-nin prezidenti Mr. Gian Francesco Lupattelli, ACES-nin baş
katibi Mr. Hugo Alonso Castanon, Monaka knyazlığının sabiq Təhsil,
Gənclər və İdman naziri Ms. Isabelle Claude Aline Bonnalın iştirakı
ilə keçirilib.
Məlumat üçün bildirək ki, ACES Brüsseldə yerləşən
qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən
şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar
təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında
verilir və cəmiyyətin sosial inteqrasiyası, psixo-fiziki rifahı və
həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçinin
Avropa Komissiyasının Avropa İdman Həftəsinin rəsmi tərəfdaşı və
UNESCO ilə tərəfdaşdır.

