
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX)
vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin
sahibkarların ictimai birlikləri, sahəvi assosiasiylar, palatalar,
auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib.
Trend Dövlət
Vergi Xidmətinə istinadən xəbər verir ki, tədbirdə bir sıra dövlət
qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak
ediblər.
Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat
İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı,
investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgə
iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib
ki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170
təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklər
zamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrə
formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcə
gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin
təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükünün
optimallaşdırılmasına və vergi ödəyiciləri ilə səmərəli əməkdaşlığa
xidmət edəcək.
Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib. Baş
idarə rəisinin müavini Əvəz Quliyev bildirib ki, 2026-cı ildə
Naxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərlə
eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta
yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı,
gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara
güzəştlərin verilməsi nəzərdə tutulur.
Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndə
ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız
dövriyyə limiti 400.000 manata çatdırılacaq və nağdsız dövriyyənin
yalnız 50%-i ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eyni
zamanda, muzdlu işdən gəlirlər üzrə vergi yükü
optimallaşdırılacaq.
Bundan başqa, orta və iri vergi ödəyiciləri ilə münasibətlərin
şəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək,
əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın
genişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu və
kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə “ƏDV geri al”
mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrə
vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi də qanunda öz əksini
tapıb.
Tədbirin sonunda iştirakçılarının sualları cavablandırılıb və
təklif edilən dəyişikliklərin iqtisadiyyatın inkişafına gözlənilən
müsbət təsirləri geniş müzakirə olunub.

