
Bakı. Trend:
Macarıstan ABŞ-dən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə
dair beş illik müqavilə bağlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə
Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
Nazirin sözlərinə görə, müqavilə çərçivəsində Macarıstan hər il
400 milyon kubmetr LNG alacaq. Beləliklə, beş il ərzində ölkəyə
ümumilikdə 2 milyard kubmetr Amerika LNG-si tədarük ediləcək.
“Bu gün ABŞ–Macarıstan enerji əməkdaşlığında mühüm mərhələyə
çatdıq və ildə 400 milyon kubmetr LNG tədarükünü nəzərdə tutan
müqavilə imzaladıq. Biz enerjini mümkün qədər çox satıcıdan və
mümkün qədər çox marşrut üzrə, ən aşağı qiymətlər təmin olunmaq
şərti ilə almaqda maraqlıyıq”, – deyə Siyarto vurğulayıb.
O qeyd edib ki, bu razılaşma Macarıstanın enerji təchizatının
şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır.

