
Bakı. Trend:
Rusiya–Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması
məqsədilə Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşünün
yenə Mayamidə baş tutacağı gözlənilir.
Trend xəbər verir ki, bunu
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik
Sxofla keçirdiyi birgə mətbuat konfransında deyib.
Zelenski bildirib ki, özü bu danışıqlarda iştirak etməyəcək.
“ABŞ-də Ukrayna ilə bağlı danışıqlar nümayəndə heyətləri
səviyyəsində keçiriləcək. Düşünürəm ki, bu, yaxın günlərdə — ola
bilsin həftəsonu, ya da bir qədər sonra baş verəcək”, — deyə o
vurğulayıb.
Prezidentin sözlərinə görə, görüşdə təhlükəsizlik təminatları,
Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 maddəsi
müzakirə olunacaq.

