
Bakı. Trend:
UNEC tələbələri “Robotex International 2025” yarışında ölkədə
1-ci, dünyada 5-ci olublar.
Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilən
“Robotex International 2025” beynəlxalq robot texnologiyaları
yarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNEC
tələbələri böyük uğura imza atıblar.
Final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin və
rəqabətli yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin
tələbələrindən ibarət “UNECode” komandası “Stoneridge
Entrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda ilə
mübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları ilə
fərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region və
Azərbaycanda isə 1-ci olublar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi
ilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsal
İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə,
Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev
təmsil olunublar.

