
Bakı. Trend:
Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə “Bayram səbəti” xeyriyyə aksiyasına start
verir. 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədi
əhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayram
sevincini onlarla bölüşməkdir.
Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu
oxutmaqla, eləcə də Birbank/Kapital Bank terminallarından, Birbank
və m10 mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.
Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş
etdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl
bayram sevinci yaşatmağa çağırır.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə
Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq
fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond
ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,
təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında
birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı
tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün
https://redhearts.az saytına daxil ola bilərsiniz.

