
Bakı. Trend:
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın təşkilatçılığı və
“Microsoft” şirkətinin rəsmi tərəfdaşlığı ilə “SOCAR Hackathon
2025” tədbiri keçirilib.
Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.
Tədbirin açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov, SOCAR-ın vitse-prezidenti Arzu Cavadova, SOCAR-ın
Strateji idarəetmə və innovasiyalar Departamentinin rəisi Teymur
Əliyev, “Microsoft” şirkətinin təmsilçisi Gumyrbek Sandibekov,
SOCAR-ın Baş data inzibatçısı Azad Hüseynov çıxış edərək tədbirin
ölkəmizin innovasiya ekosistemi üçün xüsusi əhəmiyyət daşıdığını
qeyd edib, bu yarışmanın gənclərin yaradıcı potensialını ortaya
çıxarmaq, real sənaye problemlərinə innovativ yanaşmaları müəyyən
etmək baxımından böyük imkanlar açdığını vurğulayıblar. Çıxışlarda,
həmçinin SOCAR-ın innovasiya strategiyası və rəqəmsal
transformasiya istiqamətində həyata keçirdiyi layihələr barədə
məlumat verilib, “SOCAR Hackathon 2025”də iştirak edən komandalara
uğurlar arzulanıb.
İki gün davam edən “SOCAR Hackathon 2025” tədbirində komandalar
“süni intellekt mühəndisliyi” və “məlumat mühəndisliyi”
istiqamətlərində yarışıblar.
Tədbirin ilk günündə iştirakçılar “Microsoft” şirkətinin “data
və süni intellekt xidmətləri” mövzusunda təqdimatını dinləyib,
yarışın məqsədləri, qiymətləndirmə meyarları və texniki imkanları
ilə tanış olublar.
Daha sonra komandalar ideya mərhələsinə keçərək mentorların
dəstəyi ilə problemlərə innovativ yanaşmalar üzərində
çalışıblar.
“Hackathon”un ikinci günü komandalar layihələrini tamamlayaraq
münsiflər heyətinə təqdim ediblər.
Münsiflərin müzakirəsindən sonra qaliblər elan edilib. “Süni
intellekt mühəndisliyi” istiqaməti üzrə “Neon Tech” birinci,
“Triangle” ikinci, “BitByte” komandası isə üçüncü yerə, “məlumat
mühəndisliyi” istiqaməti üzrə isə “VSG” birinci, “NoWay” ikinci,
“Osmos” komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qaliblərin mükafatlandırılması mərasimi olub.

