
Bakı.Trend:
Azərbaycan və Özbəkistanın birgə keçirdiyi tədbir əslində
kifayət qədər böyük addımdır. Çünki məsələ təkcə idman hadisəsi
olmaqdan ibarət deyil, eyni zamanda iki qardaş ölkə arasında mövcud
olan dərin münasibətlərin təzahürüdür.
Bunu Trend-ə
açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli 20 yaşınadək kişilər
arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycan və
Özbəkistanda keçirilməsi mövzusunu şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan–Özbəkistan strateji müttəfiqdir və
qarşılıqlı etimadın detalları da məhz bu cür addımlarla üzə
çıxır.
“Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi
və dərin münasibətlər var. Bunun idman sahəsində təzahür etməsi də
olduqca mühüm məqamdır. Yeri gəlmişkən, hər iki ölkə hazırda
regional və beynəlxalq münasibətlər sistemində çox fəal
aktorlardır, idman da yumşaq gücün bir təzahürü kimi ölkələrə
kifayət qədər pozitiv dividentlər qazandırır”.
Siyasi şərhçi qeyd edib ki, bununla yanaşı, Azərbaycanın belə
bir qlobal tədbirə ev sahibliyi etməsi, yüksək səviyyədə mötəbər
turnir üçün Bakının hazır olması, müvafiq infrastrukturun
formalaşması ölkəmizin beynəlxalq təşkilatların və beynəlxalq
tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu da
göstərir.
“Qeyd etmək lazımdır ki, Azərbaycanda gənc nəslin tərbiyəsi
məsələsi də hazırkı dövrdə olduqca önəmli mərhələyə çatıb. Ən
azından qlobal dünyada baş verən kataklizmlər fonunda bir çox
sistemlər pozulub. Amma əgər bu sistemlərdən biri müstəsna hal kimi
qlobal idman sahəsində qorunub saxlanılırsa, həmin idman hadisəsini
Azərbaycan gəncliyinə təqdim etmək və ya Azərbaycan gəncliyini bu
qlobal idman tərbiyəsi mühitinə çıxarmaq, hazırda dünyada davam
edən müharibələrə və qarşıdurmalara ən yaxşı alternativlərdən biri
ola bilər. Söhbət ondan gedir ki, idmanın əsas ideologiyası
sağlamlığı, ədalətli rəqabəti və münaqişələrdən kənar inkişafı
təşviq edən dəyərləri gələcək nəsillərə aşılamaqdır”.
Siyasi şərhçi Şəhla Cəlilzadə mövzuyla bağlı Trend-ə açıqlamasında
bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlər diplomatiyası yumşaq
güc siyasəti olaraq dəyərləndirilə bilər. Azərbaycan dünya
siyasətində gedərək daha böyük nüfuz qazandıqca ölkəmizdə keçirilən
tədbirlərin mahiyyəti də bir o qədər böyüyür.
“Bu tədbirlər milli maraqlar kontekstində ölkəmizin imicinə və
hədəflərinə xidmət edir. Məsələn, təkcə 2024-cü ildə Azərbaycan 79
beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Təsadüfi deyil ki,
2026-cı ildə COP tədbirinin Türkiyədə keçirilməsinə məhz
Azərbaycanın diplomatik dəstəyi ilə nail olunub. Həmçinin
Azərbaycan və Özbəkistanın 2027-ci ildə 25-ci U-20 dünya
çempionatına birgə ev sahibliyi etməsi bir neçə aspektdən
dəyərləndirilə bilər. Bu, ilk növbədə iki ölkə arasında dostluq,
qardaşlıq, müttəfiqlik münasibətlərindən irəli gələrək, ən yüksək
səviyyəli mədəni tədbirlərin birgə keçirilməsinə nümunə təşkil
edəcək”.
O bildirib ki, 2021-ci ilin 15 iyununda Şuşada bəyan olunan
Türkiyə-Azərbaycan müttəfiqliyi və strateji tərəfdaşlığı
nümunəsində, cənab Prezident İlham Əliyevin Özbəkistana etdiyi
səfər çərçivəsində 23 avqust 2024-cü il tarixində imzalanan
ikitərəfli saziş müttəfiqliyin ali təsdiqi olaraq tarixə düşdü.
İkinci məqam isə, Türk Dünyasında inteqrasiyanın dərinləşməsi ilə
əlaqədardır:
“Qardaş xalqlar arasında dostluğun və sıx əməkdaşlığın
möhkəmlənməsinə və inkişafına xidmət edən bütün inisiativlər
olduqca yüksək rəğbətə və dəyərə malikdir. Bu mühüm missiyanın
daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət kursu
Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv
təşkil edir. Özbəkistanın TDT-yə üzvlüyü elə məhz Bakıda, 2018-ci
ildə reallaşanda bu, Azərbaycanın Özbəkistana münasibətinin yeni
keyfiyyət mərhələsinə keçid etdiyini göstərirdi. Prezident İlham
Əliyev və Prezident Şavkat Mirziyoyevin 2024-cü ildəki görüşündə
2025-ci il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan
edilməsi, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi layihəsinin
münasibətlərin inkişafında xüsusi rol oynayacağının vurğulanması,
bir daha təsdiq edir ki, “Türk Dünyası 2040” vizyonundan irəli
gələrək münasibətlər bütün istiqamətlər üzrə dərinləşdirilir”.
Siyasi şərhçi vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında
iqtisadi münasibətlərin inkişafı, ticarət dövriyyəsinin ən azı 5
dəfə artırılması hədəflənir.
“Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən
1992-ci ildə Azərbaycanın Özbəkistandan idxalı cəmi 6,7 milyon
dollar, ixracı isə cəmi 8,7 milyon dollar idisə, 2022-ci ildə bu
rəqəmlər müvafiq olaraq 136,9 milyon dollar və 46,5 milyon dollar
olub. Aydın olduğu kimi, 30 ildə Azərbaycanın Özbəkistandan idxalı
20 dəfə, Özbəkistana ixracı isə 5 dəfə artıb. Hazırda qarşıya
qoyulan məqsəd ticarət dövriyyəsini ən az 5 dəfə artırmaqdır.
Burada Azərbaycanın Özbəkistanla ticarətində mənfi saldo, yəni
idxalın ixracdan çox olması nəzərə alınaraq, yeni formatda ticarəti
əlaqələrin təşkili faydalı olardı. Xüsusilə energetika, turizm,
maşınqayırma kimi sahələrdə birgə əməkdaşlıq iqtisadi əlaqələri
daha da inkişaf etdirməyə hesablanıb. Burada iki ölkənin iqtisadi
subyektləri arasında azad ticarət imkanlarının genişləndirilməsi,
həmçinin Özbəksitanın strateji sahələrində Azərbaycanın yatırım
imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Məsələn, Fərqanə
vadisinin özbəklərə aid hissəsi neft, kömür, təbii qaz, dəmir,
civə, gümüş və digər təbii sərvətlərlə zəngindir və bu işdə birgə
əməkdaşlıq imkanları yaradıla bilər”.
Ş.Cəlilzadə bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarını
birləşdirən bir çox oxşarlıqlar var ki, onlardan biri də
ermənilərin mənfur soyqırım siyasətinin qurbanı olmalarıdır.
Fərqanə hadisələrində özbəklərə qarşı törədilən soyqırımda (35 minə
yaxın özbək öldürülmüşdü) birbaşa olaraq Daşnaksütyunun əli var
idi:
Özbəkistan bütün beynəlxalq siyasi platformalarda ölkəmizin haqq
işinə dəstək verib. Azərbaycan da hər zaman xalq və dövlət olaraq
Özbəkistanın yanında olub. 1966-cı ildə paytaxt Daşkənddə baş verən
zəlzələdə ilk yardım edən ölkələrdən biri Azərbaycan idi. Bu
zəlzələdən sonra 262 özbək ailəsi Azərbaycanda müvəqqəti məskən
tapmış, 1200 daşkəndli uşaq üçün düşərgə təsis olunmuş, Azərbaycan
Daşkəndin yenidən qurulmasında iştirak etmişdi. Bu gün isə
Özbəkistan Qarabağın bərpası və yenidən qurulmasında iştirak edir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Özbəkistan Qarabağ
bölgəsinin yenidən qurulmasına dəstək göstərmək təşəbbüsünü irəli
sürən ilk ölkədir. Buna görə o, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevə xüsusi təşəkkürünü ifadə etmişdir. Füzulidə Mirzə
Uluqbəy adına məktəbin 2023-cü ildə açılışı iki ölkə arasında
qardaşlıq əlaqələrinin ən bariz nümunəsidir.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanın Özbəkistanla
münasibətləri bütün istiqamətlər üzrə dərinləşdirməsi Türk
Dünyasını birləşdirən halqalardan birinin daha möhkəmlənməsi
deməkdir.
“Artıq Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiya vahid
geosiyasi regiona çevrilməkdədir və bu regionu əhatə edən proseslər
burada yerləşən dövlətlərin bir-biri ilə daha sıx əməkdaşlığı və
dostluğu, bir-biri ilə çiyin-çiyinə addımlaması zəminində hər biri
üçün faydaya çevriləcəkdir”,- deyə o əlavə edib.

