
Bakı. Trend:
Ölkənin ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə
beynəlxalq səviyyəli intensiv təhsil proqramı olan “IT
SkillSprint”in qeydiyyatına son 3 gün qalıb. Layihə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya
və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyi və “Ironhack” tədris şirkətinin tərəfdaşlığı ilə icra
olunur.
Proqramın məqsədi tələbələrin müasir texnologiyalar üzrə bilik
və praktiki bacarıqlarını gücləndirmək, onları qlobal əmək bazarına
hazırlamaq və universitet-sənaye əməkdaşlığını inkişaf etdirməkdir.
Eyni zamanda, layihə Azərbaycan universitetlərində qlobal İT təhsil
standartlarını tətbiq etməyi hədəfləyir.
Proqram “DevOps və Cloud Computing”, “Data və AI”,
“Cybersecurity”, “Web Development” istiqamətlərini əhatə edəcək.
Tədris hibrid formatda təşkil olunacaq və proqramın müxtəlif
mərhələlərində beynəlxalq mentorlar Bakıda intensiv dərslər
aparacaqlar. “Bootcamp” formatında baş tutacaq tədris tələbələrə
real layihələr üzərində çalışmaq və portfel formalaşdırmaq imkanı
təqdim edəcək. Proqram çərçivəsində tələbələr üçün hakatonlar,
karyera sərgiləri və şəbəkələşmə tədbirləri kimi əlavə inkişaf
imkanları da təşkil olunacaq. Tədrisi uğurla tamamlayan tələbələr
beynəlxalq səviyyədə tanınan “Ironhack” şirkəti tərəfindən
sertifikat əldə edəcəklər.
Proqram ali təhsil müəssisələrinin 3-cü kursunun 2-ci
yarımilində təhsil alan, 400 və üzəri balla universitetə daxil
olmuş tələbələrə şamil olunur. Qeyd edək ki, istənilən ixtisas üzrə
təhsil alan tələbələr proqramda iştirak edə bilərlər.
İştirakçıların seçim prosesi qeydiyyat, baza biliklərini
qiymətləndirən test imtahanı və müsahibə mərhələlərindən ibarət
olacaq.
Proqram 2026-cı ilin fevral-iyul ayları olmaqla ümumilikdə 6 ay
davam edəcək. Bu müddətdə iştirak edən tələbələrin kreditləri
universitetlər tərəfindən tanınacaq. Beləliklə, iştirakçılar digər
fənlərdən azad edilərək yalnız bu tədris proqramına fokuslana
biləcəklər.
Layihə pilot xarakter daşıyır və bu mərhələdə yalnız seçilmiş
universitetlər iştirak edə bilər.
Qeydiyyat üçün link: https://ironhack.typeform.com/idda-ironhack
Son qeydiyyat tarixi: 20 dekabr 2025-ci il
Qeyd edək ki, texnologiya üzrə qlobal tədris şirkəti olan
“Ironhack” 2013-cü ildən etibarən tələbələrə beynəlxalq İT
sahəsində praktik bacarıqlar qazandırır. Bu günə qədər 25 000-dən
çox məzun yetişdirən şirkət məzunlarının 75%-nin proqramı
bitirdikdən sonra işlə təmin olunmasını təmin edib. Həmçinin,
məzunlar 800-dən çox qlobal şirkətdə çalışırlar.

