
Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma
göstəricisi ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatıb.
Trend xəbər
verir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanı
məlumat verilib.
Bildirilib ki, bu nailiyyət Prezident İlham Əliyevin 25 fevral
2025-ci il tarixli Fərmanı ilə Bakı Limanının “Azərbaycan Dəmir
Yolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahid
nəqliyyat idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir.
Dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma
proseslərinin sürətlənməsinə və logistik marşrutların
optimallaşdırılmasına imkan yaradıb. Bu ilin sentyabrında Bakı
Limanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgə
işlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limanda
əməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinin
davamlı artmasına dəstək verir. Görülən işlərin nəticəsi olaraq
limanın yükaşırmalarında rekord göstərici əldə olunub.
Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq
Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və
logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük
zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan
Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa
tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb. Bakı Limanı
infrastruktur imkanları, texniki göstəriciləri və təcrübəli
mütəxəssisləri sayəsində regionun logistikasının inkişafına böyük
töhfə verir, regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib
ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun
təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təmin
edir.
Bununla yanaşı, əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395
TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteyner
daşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir.
Cari ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner
əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha
yüksək proqnozlara əsas yaradır.

