
Bakı. Trend:
2018–2025-ci illərdə Azərbaycanda əmək haqqı fondu 3,2 dəfə, o
cümlədən qeyri-dövlət sektoru üzrə 3,6 dəfə artıb.
Trend xəbər verir
ki, bunu bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi
naziri Anar Əliyev “Dayaq” mükafatının təqdimetmə mərasimində
bildirib.
“2018–2025-ci illərdə əmək müqavilələrinin sayı 45 faiz və ya
595 min artıb, bu artımın 92 faizi özəl sektorun payına düşüb.
Həmin dövrdə ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə, o cümlədən
qeyri-dövlət sektoru üzrə 3,6 dəfə yüksəlib. Əhalinin aktiv
məşğulluğunun təmin edilməsi və müasir əmək bazarının çağırışlarına
cavab olaraq, dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasının 2019–2030-cu illər üçün
Məşğulluq Strategiyası əhalinin səmərəli məşğulluğunun təmin
olunmasına yönəlmiş uzunmüddətli dövlət siyasətinin əsasını təşkil
edir”, – deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, islahatların aparılmasına başlanıldığı
vaxtdan bəri nazirlik 2,1 milyondan çox şəxsi aktiv məşğulluq
tədbirləri ilə əhatə edib.
“Onlardan 823 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti
üzrə 54 mindən çox şəxs peşə hazırlığı keçib, 111 min nəfər isə
özünüməşğulluq proqramına cəlb olunub”, – deyə o vurğulayıb.

