
Ankara. Trend:
Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu
keçirilir.
Trend xəbər verir
ki, forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk
Respublikası nümayəndə heyətləri iştirak edirlər.
Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və
effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin
dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional
qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.
Tədbirdə dövlət orqanlarının, aparıcı kütləvi informasiya
vasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir.
Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoru
Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət
Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya
Siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləvi
İnformasiya vasitələri ilə əlaqələr sektorunun müdiri Kamran
Qasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisi
Pərvanə İbrahimova, Media İnkişafı Agentliyinin icraçı direktor
müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA
İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika
Departamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.
Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə,
ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir
informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri
müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının
informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media
savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı
mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə,
beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və
təcrübə mübadiləsi platformasına çevriləcək.
Xəbər yenilənir

