Prezidentin təşəbbüsü humanizmin, sosial ədalətin parlaq təzahürüdür

Baş səhifə

Bakı. Trend:

Amnistiya institutu müasir hüquqi dövlətlərin humanizm
prinsiplərinə söykənən mühüm mexanizmlərindən biridir. Azərbaycan
Respublikasında bu institutun tətbiqi dövlətin hüquq siyasətində
insan amilinə, sosial ədalətə və cəmiyyətin sağlamlaşmasına verilən
önəmin bariz göstəricisidir. Prezident İlham Əliyevin amnistiya
təşəbbüsləri məhz bu baxımdan hüquqi və sosial baxımdan xüsusi
əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq
amnistiya aktları Milli Məclis tərəfindən qəbul edilir. Lakin bu
aktların təşəbbüsü, konseptual çərçivəsi və siyasi-fəlsəfi əsası
bilavasitə Prezident İlham Əliyevin humanist dövlətçilik
yanaşmasına söykənir. Amnistiya aktları, adətən, az ağır və orta
ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə şamil olunur, cəzanın
tam və ya qismən çəkilməsindən azad etmə, yaxud cəzanın
yüngülləşdirilməsi ilə nəticələnir.

Bu təşəbbüslər hüquqi baxımdan bir neçə mühüm funksiyanı yerinə
yetirir. Belə ki, cinayət-hüquq siyasətində diferensial və çevik
yanaşmanı təmin edir, cəzanın yalnız cəzalandırma deyil, islah və
yenidən cəmiyyətə inteqrasiya məqsədi daşıdığını təsdiqləyir,
penitensiar sistemdə yükün azaldılmasına və hüquqi tarazlığın
qorunmasına xidmət edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya
aktları hüquqi dövlət prinsipinə zidd olmayaraq, məhkəmə
qərarlarının legitimliyini şübhə altına almadan, humanist korrektiv
mexanizm kimi çıxış edir.

Amnistiya təşəbbüslərinin sosial əhəmiyyəti daha geniş və
çoxşaxəlidir. İlk növbədə, bu addımlar cəmiyyətə dövlətin
mərhəmətli və sosial məsuliyyət daşıyan obrazını təqdim edir.
Azadlığa buraxılan şəxslərin ailələrinə qovuşması, sosial
münasibətlərin bərpası, onların normal həyata dönüşü cəmiyyətin
ümumi mənəvi mühitinə müsbət təsir göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə amnistiya
aktlarının xüsusilə müəyyən sosial kateqoriyalara — qadınlara,
azyaşlı övladı olanlara, yaşlılara, əlilliyi olan şəxslərə şamil
edilməsi dövlət siyasətində sosial ədalət və fərdi yanaşma
prinsipinin əsas götürüldüyünü nümayiş etdirir. Bu, cəmiyyətə açıq
mesajdır: dövlət səhv etmiş, lakin islah olunmaq potensialı olan
insanlara ikinci şans verməyə hazırdır.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsləri onun ümumi
idarəetmə fəlsəfəsinin — güclü dövlət, sosial rifah və humanizm
vəhdətinin tərkib hissəsidir. Bu yanaşma bir tərəfdən qanunun
aliliyini qoruyur, digər tərəfdən isə cəmiyyətin sosial-mənəvi
sağlamlığını prioritet elan edir.

Amnistiya aktları həm də ictimai barışın möhkəmlənməsinə,
hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında etimadın
artmasına xidmət edir. Cəmiyyət anlayır ki, dövlət yalnız
cəzalandıran deyil, eyni zamanda bağışlayan, islah edən və sosial
reinteqrasiyanı dəstəkləyən mexanizmlərə malikdir.

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan
dövlətinin hüquqi və sosial siyasətində mühüm yer tutur. Bu
təşəbbüslər humanizm, sosial ədalət və hüquqi tarazlıq
prinsiplərinin real təzahürü kimi çıxış edir. Amnistiya aktları
cəmiyyətin sağlamlaşmasına, minlərlə ailənin sevincinə,
dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət etməklə,
müasir və məsuliyyətli dövlətçilik modelinin ayrılmaz tərkib
hissəsi olduğunu bir daha təsdiqləyir.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir