
Bakı. Trend:
2025-ci ildə biznesində innovativ və müasir yanaşmalar tətbiq
edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv
investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə
öz töhvəsini verən 17 biznes subyektinə “Dayaq” mükafatı təqdim
edilib.
2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən
fəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin
dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının
təqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı,
startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və
dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və
torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş
şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması
ilə başlayıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri
Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin
yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə
verdiyini qeyd edib. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi
ilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi
nəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrinin
sayının 45% və ya 595 min artdığını, bu artımın 92%-nin özəl
sektorun payına düşdüyünü diqqətə çatdırıb. 2018-2025-ci illərdə
əməkhaqqı fondunda 3,2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə
3,6 dəfə artım olduğunu deyən nazir qeyd edilən dövrdə Nazirlik
tərəfindən 2,1 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə
əhatə olunduğunu bildirib. Anar Əliyev ölkəmizdə dayanıqlı
mexanizmlərə əsaslanan sosial tərəfdaşlıq sisteminin
formalaşdığını, bu sistem vasitəsilə işçilərin hüquqlarının
qorunması ilə yanaşı, həm də sahibkarların maraqlarının təmin
edildiyini, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş
Kollektiv Sazişin imzalandığını, Sosial və İqtisadi Məsələlər üzrə
Üçtərəfli Komissiyanın uğurlu fəaliyyətini qeyd edib. O,
sahibkarlığa dəstək tədbirlərinin həm vətəndaş rifahının
yüksəldilməsinə, həm də iqtisadi inkişafa xidmət etdiyini bildirib,
“Dayaq” mükafatına layiq görülən iştirakçıları təbrik edib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur
Əliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişaf
göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə
iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti
artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici
investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. İqtisadi
siyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektorunun
inkişafı nəticəsində bu sahə 2021-2024-cü illərdə hər il orta
hesabla 6,7% artıb və onun iqtisadiyyatda payı 68%-ə yüksəlib,
hazırda bu rəqəm 70%-dən çoxdur. Qeyri-neft ixracı son altı ildə
demək olar ki, iki dəfə artıb. Qabaqcıl ideyaların tətbiqi,
dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar
nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4%
səviyyəsindədir. Son illərdə dövlətin əsas prioritetlərindən biri
işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz
doğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtmasıdır. Dövlət və
özəl sektor əməkdaşlığı bu sahədə də özünü müsbət mənada göstərir
və bizneslər Böyük Qayıdış prosesində fəal iştirak edirlər.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlı
və davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığı
barədə fikirlərini bölüşüblər.
Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə
“Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Azad olunmuş
ərazilərdə uğurlu biznes”, “Əlillik məhdudiyyət deyil”, “İlin
investoru”, “Uğurlu qadın sahibkar”, “Ölkədə turizmin inkişafı”,
“İnnovativ həllər”, “Ekoloji məsuliyyət”, “Uğurlu istehsalçı”,
“Fəal ixracatçı şirkət”, “Halal biznes”, “Yeni nəfəs, yeni
görüntü”, “Uğurlu startap”, “Milli biznesin beynəlxalq təsir gücü”,
“Tekstil – peşəkar fəaliyyət”, “Rabitə xidmətlərinin inkişafı”,
“Kənd təsərrüfatında uğur” və “Naxçıvanda uğurlu biznes”
nominasiyaları üzrə mükafatlandırılıblar.
Tədbir çərçivəsində “2026: KOB-ların çağırışı” mövzusunda panel
müzakirə təşkil olunub. “Ekvita” şirkətinin baş direktoru İlqar
Mehtinin moderatorluğunda panel müzakirədə sahibkarlıq
ekosistemləri üzrə fəlsəfə doktoru Qənirə İbrahimova, “Times
Consulting”in direktoru Elqar Bağırov, “Kapital Bank” ASC-nin Kiçik
və Orta Sahibkarlarla İş Departamentinin direktoru Nəsimi Xasıyev,
“Hesabat.az”, “CİB Biznes” və “TechLaw.az” layihələrinin təsisçisi
Hacıağa Hacı KOB-larla bağlı əsas çağırışlar, yeni imkanlar, dövlət
dəstəyi və innovativ yanaşmalar barədə fikir və təkliflərini
bölüşüblər.
Eyni zamanda tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat
və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi
məqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin
qalibləri təqdim edilib. Qeyd edək ki, KOB-ların təhsil, elm,
tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin
maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 7 qrant müsabiqəsi
keçirilib. 7-ci qrant müsabiqəsi çərçivəsində 30 KOB subyektinin
layihəsinə 525 min manat olmaqla, ümumilikdə indiyədək keçirilmiş
müsabiqələr çərçivəsində KOB-ların 129 layihəsinə 2,2 milyon
manatdan çox qrant vəsaiti ayrılıb.
Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğur
hekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdim
edib, sahibkarlıqla bağlı film nümayiş olunub.
Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə
nəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə “Dayaq”
mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş
“Dayaq” mükafatının məqsədi iqtisadiyyatın dayağı olan
sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes
düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında
əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat
sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial
məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. “Dayaq”
mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yeni
təşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırış
və dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.

