
Bakı. Trend:
2025-ci ilin dekabrında Azərbaycanın görkəmli musiqi xadimi
Rəşid Behbudovun anadan olmasının 110 ili tamamlandı. Bu əlamətdar
gün münasibətilə ABB-nin dəstəyi ilə Azərbaycan Milli İncəsənət
Muzeyində Rəşid Behbudova həsr olunmuş “Səsin rəngi” sərgisi
keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, ABB-nin İdarə Heyətinin
sədri Abbas İbrahimov, Milli Məclisin deputatları, ölkəmizin
görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edib. Sərgidə
dünyanın ayrı-ayrı ölkələrindən olan rəssamların Rəşid Behbudova
həsr etdikləri sənət əsərləri nümayiş olunub.
Sərginin ən maraqlı əsərlərindən biri Rəşid Behbudovun 1992-ci
ildə Şuşada itmiş məşhur rəsmidir. Azərbaycanın xalq rəssamı Asəf
Cəfərovun 1975-ci ildə çəkdiyi “Rəşid Behbudov” tablosu Azərbaycan
rəngkarlıq sənətinin incilərindən sayılırdı. Rəsm Rəşid Behbudovun
60 illik yubileyi münasibətilə çəkilmiş, 1982-ci ildə görkəmli
sənətkarın ata yurdunda – Şuşada Rəsm Qalereyası açılanda əsər
Qalereyaya hədiyyə edilmişdi. Tablo Şuşa Rəsm Qalereyasının daimi
ekspozisiyasında təqdim olunurdu.
Əfsuslar olsun ki, 1992-ci ildə Şuşanın işğalı zamanı
Azərbaycanın bir çox mədəni dəyərləri kimi “Rəşid Behbudov” rəsmi
də talan edildi və yoxa çıxdı. Əsərin tapılması üçün aparılan
axtarışlar heç bir nəticə vermədi.
Bu il unudulmaz sənətkarın 110 illik yubileyi münasibətilə
ABB-nin təşəbbüsü əsasında Azərbaycanın əməkdar rəssam Natiq
Səfərov “Rəşid Behbudov” əsərini eyni şəkildə yenidən yaradıb. ABB
əsəri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Şuşa Rəsm
Qalereyasına hədiyyə verəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:
“Bu, sadəcə yenidən çəkilmiş rəsm əsəri deyil.
Yaddaşlardan, arxivlərdən, xatirələrdən toplanaraq yenidən həyata
qaytarılmış dəyərdir. İndiki və gələcək nəsillər bu rəsmə tarixi
yaddaşımızın canlı nümunəsi kimi baxacaqlar”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə
etmək olar.

