
Ankara. Trend:
İnformasiya məkanında Türk dünyasının müdafiə arxitekturasının
gücləndirilməsi zəruridir.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Türkiyənin Prezident
Administrasiyasının Kommunikasiyalar Şöbəsinin rəhbəri Burhanettin
Duran Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə
Forumunda çıxışı zamanı deyib.
“Hamımız onun şahidi olmuşuduq ki, İkinci Qarabağ müharibəsi
təkcə döyüş meydanında aparılmırdı. Eyni dərəcədə amansız və
prinsipial mübarizə kommunikasiya müstəvisində də gedirdi. Müharibə
dövründə və ondan sonra Azərbaycanın qələbəsini təhrif etməyə və
gözdən salmağa yönəlmiş çoxsaylı dezinformasiya kampaniyaları
həyata keçirildi. Bu saxtakarlıqları ifşa etməklə biz Azərbaycanın
Zəfərinə informasiya məkanında da mühüm dəstək göstərmiş olduq.
Bu kontekstdə həmin dövrdə aşkar etdiyimiz manipulyativ
materiallardan birini – ictimai rəyə təsir baxımından ən riskli
olanlardan birini – sizinlə bölüşmək istərdik. Söhbət “Qarabağa
daxil olan azərbaycanlı əsgərlər yaşlı erməni qadını ələ salırlar”
başlığı ilə yayılan saxta xəbərdən gedir. İddia olunurdu ki, guya
bir əsgər yaşlı qadına su stəkanı uzadır, digəri isə o, su içmək
istədiyi anda nümayişkaranə şəkildə suyu tökür. Halbuki videonun
tam versiyasında aydın və birmənalı şəkildə görünür ki,
azərbaycanlı hərbçi yaşlı erməni qadına öz əli ilə su içirdir”, –
deyə o bildirib.
B. Duran təəssüflə qeyd edib ki, hazırkı dövrdə kadrların
kəsilib montaj edilməsi və kontekstdən çıxarılması yolu ilə
görüntülərə tamamilə başqa, təhrif olunmuş məna vermək
mümkündür.
“Üstəlik, süni intellekt texnologiyalarının tətbiqi ilə
reallığın saxtalaşdırılması keyfiyyətcə yeni mərhələyə keçir. Belə
bir mühitdə yeni kommunikasiya alətləri təkcə imkanlar deyil, həm
də ciddi təhdidlər yaradır. Bu təhdidlərlə yalnız birgə
strategiyaların həyata keçirilməsi yolu ilə mübariə aparmaq olar.
Bizə kənardan sırımağa çalışılan hekayə və narrativləri ancaq
birlikdə – öz, ortaq və uzlaşdırılmış hekayəmizi formalaşdırmaqla –
dağıtmaq mümkündür. Başqa sözlə, dezinformasiyaya qarşı mübarizədə
daha konkret, institusional əməkdaşlıq formaları qurmaq
məcburiyyətindəyik. Birgə faktçekinq mexanizmləri yaratmalı, erkən
xəbərdarlıq sistemlərini işə salmalı və bir-birimizlə vaxtında
məlumat mübadiləsi aparmalıyıq”, – deyə o vurğulayıb.
B. Duran bildirib ki, Türkiyə öz növbəsində media savadlılığının
artırılması, uşaqların və gənclərin rəqəmsal təhdidlərdən
qorunması, kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi,
süni intellektdən istifadə etməklə manipulyasiyalara qarşı
monitorinq üçün alqoritmik alətlərin hazırlanması, eləcə də dövlət
qurumları arasında informasiya mübadiləsinin
institusionallaşdırılması kimi istiqamətlərdə son dərəcə vacib
addımlar atır.
“Bu məsələdə bizim qəti və birmənalı siyasi iradəmiz var.
Xüsusilə vurğulamaq istəyirəm ki, bu sahədə formalaşdırdığımız
potensialı qardaş ölkələrlə böyük məmnuniyyətlə bölüşməyə və
onlarla birgə fəaliyyət qurmağa hazırıq. Bütün tərəflərin belə
əməkdaşlığa hazır olduğunu da görürük. Bu yanaşma, həmçinin türk
dünyasının bütövlüyünə qarşı yönəlmiş, süni şəkildə yaradılan hər
cür parçalanma cəhdlərinə qarşı kollektiv mövqenin açıq nümayişi
olacaq.
Ölkələrimiz arasında məlumat mübadiləsi, təcrübənin ötürülməsi,
birgə təhsil mexanizmlərinin yaradılması və operativ reaksiya
qabiliyyətinin formalaşdırılması informasiya məkanında türk
dünyasının müdafiə arxitekturasının əsas elementlərinə çevriləcək.
Biz dövlətlərimizi, birliyimizi və qardaşlığımızı dezinformasiya
kampaniyalarından qorumalıyıq. Onların dağıdıcı təsirini
neytrallaşdırmaq üçün beynəlxalq, institusional mexanizmlə
gücləndirilmiş, əlaqələndirilmiş milli siyasət zəruridir”, – deyə
İdarə rəhbəri bildirib.

